DÜNYA YAXŞILARDAN XALİ DEYİL
AZƏRBAYCANLI UŞAQLARIN FRANSIZ HAMİSİ
Kimsəsiz və qayğıya ehtiyacı olan bir qrup uşağa hamilik edən Fransuaz Daqano assosiasiyanın fəaliyyəti barədə AZƏRTAC-ın müxbirinə müsahibə vermişdir. O demişdir: Həyat yoldaşım “Əsrin müqaviləsi”ndə iştirak edən Fransanın Elf şirkətində vəzifəyə təyin edildiyindən, bir müddət qədim və gözəl paytaxtınızda yaşamalı oldum. İlk günlər Bakı və onun görməli yerləri ilə tanış olur, bir rəssam kimi gördüyüm yerləri nəzərdən keçirir, ürəyimə yatan lövhələri ağ kətan üzərinə köçürürdüm. Şəhəri gəzərkən ailə qayğısından məhrum olmuş uşaqlara tez-tez rast gəlirdim. Elə o zaman məndə qayğıya ehtiyacı olan bu uşaqlara yardım etmək ideyası yarandı. Elə bu ideyanın həvəsi məni Bakıda fəaliyyət göstərən “Ümid yeri” xeyriyyə cəmiyyətinə çıxardı. Orada məni mehribanlıqla qarşıladılar. Bu gun burada gördüyünüz Natella xanımla da elə bu cəmiyyətdə tanış olduq. Məqsədimi bildikdə, Mərdəkandakı 3 nömrəli internata baş çəkməyimi məsləhət gördülər.
Bir neçə gündən sonra yolumu valideynlərinin qayğısından məhrum olmuş və əqli cəhətdən zəif inkişaf etmiş uşaqların qaldığı internata saldım. Buradakı bəzi uşaqların acınacaqlı vəziyyəti qəlbimi ağrıtdı. Onların arasında ciddi müalicəyə ehtiyacı olan uşaqlar var idi.
Elə o vaxtdan da bu internatla sıx əlaqə saxladım. Ora hər dəfə baş çəkərkən uşaqları çimərliyə, sirkə aparır, onlara paltar alır və əlimdən gələn yardımı göstərirdim. Burada iki uşağın vəziyyətinin daha ağır olduğunu hiss etdim. Əqli cəhətdən zəif inkişaf etmiş bir oğlan və gözündə problem olan bir qız təcili xaricdə ciddi müalicə olunmalıydılar. Əks təqdirdə onlar ölə bilərdilər. Ona görə də hər iki uşağı öz hesabıma Parisə gətirdim və təcrübəli həkimlərə göstərdim. Ciddi müalicədən sonra bu uşaqlar indi normal həyat sürməyə başlamışlar.
Uşaqlara qayğı göstərdiyim vaxtlarda məndə yeni bir ideya yarandı: hər cür qayğıdan məhrum olmuş kimsəsiz uşaqlar arasından 8-10 istedadlı uşağı seçib, onlardan ibarət bir rəqs qrupu yaratmaq və onları bir sənət sahibi etmək.
Belə bir seçim etdikdən sonra, həmin uşaqları 2000-ci ildə Bakı xoreoqrafiya məktəbinə gətirdim. Təhsil haqqını ödəməyim şərti ilə onların burada təhsil almaları barədə məktəbin rəhbərliyi ilə ümumi razılığa gəldik. Uşaqlara klassik və müasir rəqsləri, folklor nümunələrini öyrətmək məqsədi ilə kənardan yerli mütəxəssislərdən ibarət müəllimlər dəvət etdim.
Mənim uşaqlarım (Fransuaz xanım qayğı göstərdiyi uşaqları belə çağırır) tezliklə öz qabiliyyətlərini büruzə verdilər. Onlar rəqsdən rəqsə təkmilləşirdilər. Nəhayət istədiyimə nail oldum və gözəl bir rəqs qrupu yarandı.
2001-ci ildə ilk dəfə uşaqlarımı Parisə gətirdim. Onların ifasında xalqınızın milli rəqslərini fransızlar qarşısında nümayiş etdirmək təklifi ilə Fransa Dövlət Rəqs Mərkəzinə, opera və sirkin rəhbərliyinə müraciətim rəğbətlə qarşılandı.
Elə o vaxtdan hər il uşaqlarımı üç həftəliyə Parisə gətirirəm. Onlar burada öz ölkələrinin rəqslərini nümayiş etdirməklə yanaşı, fransız həmyaşıdları ilə birlikdə maraqlı konsert proqramı ilə çıxış edirlər. Öz hesabıma onlara ifa etdikləri rəqslərə uyğun milli və müasir geyimlər tikdirmişəm. Bu paltarda onlar milli rəqslərlə bərabər, dünya xalqlarının da rəqslərini ifa edirlər. Elə bir neçə gün bundan əvvəl Parisin VI rayonunda Sən-Cermən küçəsindəki kilsədə uşaqlarım fransız həmyaşıdları ilə birlikdə hazırladıqları konsert çox böyük müvəffəqiyyətlə keçdi. Proqramdakı sizin milli “Yallı” rəqsinizi fransız tamaşaçılar hər dəfə sürəkli alqışlarla qarşılayırlar. Bir məsələni qeyd edim ki, fransalı uşaqlar Azərbaycan rəqslərinə xüsusi həvəs göstərirlər. Azərbaycanlı uşaqlarla fransız uşaqların milli rəqslərinizi birlikdə ifa etmələri iki xalq arasında dostluq əlaqələrinin inkişafında əsas amildir. Mənim uşaqlarım da öz növbələrində müasir rəqslərimzlə bərabər, milli rəqslərimizi ifa etmələri tamaşaçıların rəğbətini qazanmışdır.
“Azərbaycanlı uşaqlar assosiasiyası”nı mən rəsm əsərlərimi satmaqla maliyyələşdirirəm. 2003-cü ildə Azərbaycanla bağlı çəkdiyim rəsm əsərlərinin Yaponiyada sərgisi keçirildi. Yaponiyalı bir qadın ölkənizlə bağlı lövhələri o qədər xoşladı ki, bir neçə əsərimi aldı və daha bir belə sərginin təşkil edilməsi barədə mənimlə müqavilə bağladı. Həyat yoldaşım da bu işdə mənə kömək göstərir. Uşaqları Fransaya gətirərkən Azərbaycandakı imkanlı dostlarım bəzən onların yol pulunu ödəyirlər. Rəfiqələrim və yaxın dostlarım uşaqlara ərzaq və geyim alınmasında mənə yardım edirlər.
Acı olsa da, bir həqiqəti açıqlamalıyam. Ölkənizdə elə şəxslər vardır ki, bu işimə görə mənə “sağ ol” demək əvəzinə, uşaqları Fransaya gətirməyimə mane olmağa çalışırlar. Onlar məni həddindən artıq varlı adam hesab edərək, uşaqların səfəri ilə bağlı hər hansı məsələnin həll edilməsində pul umurlar. Hətta iş o yerə çatıbdır ki, uşaqlara göndərdiyim ərzaq və geyimdən oğurlayırlar. Ona görə də, sentyabr ayında Azərbaycana səfərim zamanı gənc nəslə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə görüşməyi və bu barədə məlumat verməyi qərara almışam.
Mən azərbaycanlı uşaqlar kimi, ölkənizi də çox sevirəm. Şəki, Şamaxı, Quba və digər rayonları gəzmiş, bu yerlərin təbiətinə vurulmuşam. Dağlar, onların ətəyindəki yaraşıqlı qəsəbələr onu seyr edənlərdə gözəl təəssürat yaradır. Xoşuma gələn yerlərin lövhələrini çəkmişəm.
Azərbaycan gündən-günə inkişaf edən və çiçəklənən bir diyardır. Bu ölkədə olarkən ona vurulmamaq qeyri-mümkündür. Bakının və onun ətrafını çox sevdim. Şərq və Qərb mədəniyyətlərini özündə əks etdirən bu şəhərin qədimliyi və tarixi abidələrlə zənginliyi məni heyran edibdir. Şəhər ətrafındakı neft buruqları sanki şəhərlə bir ansambl təşkil edibdir. İçərişəhərə xüsusilə heyran olmuşam. Xalqın qədimliyindən, ölkənin tarixindən xəbər verən bu abidəni qoruyub saxlamaq əvəzinə ona göstərilən laqeyd münasibət təəssüf hissi doğurur.
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun baş elmi işçisi Natella xanım: Bir neçə il öncə xeyriyyə işləri ilə məşğul olmağı və boş vaxtlarımı uşaqlara həsr etməyi qərara almışdım. Elə bu istək məni “Ümid yeri” xeyriyyə cəmiyyətinə gətirdi. Cəmiyyətin sədri Nigar Məsimli mənim bu hərəkətimi təqdir etdi. Elə oradaca Fransuazla tanış oldum və bu tanışlıq sonralar dostluğa çevrildi.
Bu gün burada gördüyünüz bu uşaqlar səkkiz il əvvəl çox kiçik olarkən onlarla tanış oldum. Elə o vaxtdan mehrimi onlara saldım. Onlara o qədər oyrəşdim ki, daha ayrıla bilmədim, bacardığım köməyi əsirgəmədim.
İlk günlər mənim əsas işim Fransuazla seçdiyimiz uşaqları məktəbə hazırlamaq oldu. Onlara yazmağı və oxumağı öyrətdim. Sonra uşaqlara musiqi və rəqs müəllimi tapdıq. Uşaqların professional bir sənətə sahib olmaları üçün onların xoreoqrafiya məktəbinə imtahanları təşkil edildi. 12 uşaq məktəbə daxil oldu. Fransuaz xanım məktəbin üçüncü mərtəbəsindəki otaqlardan bir neçəsini öz hesabına təmir etdirdi. Onların biri dərs otağına, digərləri isə uşaqların yaşayışı üçün nəzərdə tutuldu. Otaqlara lazımi avadanlıqlar alındı. Beləliklə, uşaqlar orada yaşamaqla yanaşı, həm də təhsil alırlar. Bütün xərcləri Fransuaz xanım öz öhdəsinə götürdü. Burada gördüyünüz uşaqlardan ikisi artıq orta təhsillərini başa vuraraq ali məktəbə daxil olmuşlar. Onlar artıq ikinci kurs tələbəsidir. Fransuaz xanım iki aydan bir Bakıya gələrək, onlara baş çəkir və ehtiyaclarını elə yerindəcə həll edir.
Açığını deyim ki, Fransuaz olmasaydı, bu uşaqların gələcək taleyi allah bilir necə olacaqdı.
Azərbaycanlı uşaqları hər il üç həftəliyə öz hesabına Parisə gətirən, onları evində saxlayan, ölkənin görməli yerləri ilə tanış edən, burada qaldıqları müddətdə bütün xərclərini çəkən bu xeyirxah qadının hərəkəti təqdirəlayiqdir.