Dünyanı lərzəyə gətirən Çernobıl qəzasından 25 il ötür
Bakı, 26 aprel (AZƏRTAC). Aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanın 25 ili tamam olur.
İndiyədək bəşəriyyətin qarşılaşdığı bütün faciələr sırasında Çernobıl qəzası ətraf mühitin çirklənməsi, ekoloji tarazlığın pozulması, insanların sağlamlığı və psixikasına mənfi təsirinin miqyasına görə analoqu olmayan texnogen hadisə kimi tarixə düşmüşdür.
Gəlin xatırlayaq. 1986-cı il aprelin 26-da gecə saat 1.24-də qəflətən Çernobıl AES-in 4-cü enerji blokunun dağılmasına və külli miqdarda radioaktiv maddələrin sızmasına səbəb olan silsilə partlayışlar baş vermişdir.
İlkin mərhələdə keçmiş SSRİ rəhbərliyi tərəfindən faciənin başvermə səbəblərinin və onun miqyaslarının gizlədilməsi dərhal fəlakətin mümkün nəticələri barəsində şayiələrin yaranması və yayılmasına səbəb olmuşdur. Bu da öz növbəsində əhali arasında sosial-psixoloji gərginliyin və rəsmi məlumatlara inamsızlığın yaranmasına gətirib çıxartmışdır. Mütəxəssislərin fikrincə, hadisə barədə SSRİ əhalisi və dünya ictimaiyyəti dərhal məlumatlandırılsaydı, onun nəticələri bu qədər ağır olmaya da bilərdi.
Bu qəza Ukrayna, Belarus və Rusiya Federasiyasının 145 min kvadrat kilometrdən artıq ərazisinin çirklənməsinə, 5 milyon insanın xəsarət almasına, bu respublikaların ərazilərində 5 minə yaxın yaşayış məntəqələrinin radioaktiv nuklidlərlə çirklənməsinə gətirib çıxarmışdır.
Qəzadan sonra AES ətrafında 30 kilometrlik zonadan 115 min nəfər evakuasiya olunmuşdur.
Faciənin ilk dövrlərində -1986-1987-ci illərdə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrini aradan qaldırmağa SSRİ-nin hər yerindən 600 minə yaxın insan səfərbər edilmişdi. Onların arasında 7 min azərbaycanlı olmuşdur. Dəhşətli qəzanın ağır nəticələrinin aradan qaldırılmasında iştirak edən həmyerlilərimizdən 2 min 16 nəfər artıq dünyasını dəyişmişdir, sağ qalanları isə bu gün də xilasetmə işləri zamanı aldıqları şüalanmadan əziyyət çəkirlər.
Çernobıl AES-də baş vermiş dəhşətli faciənin dərslərinə baxmayaraq, günü bu gün də dünyada atom enerjisinə maraq artmaqdadır. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 2010-cu ilin sonuna olan məlumatına görə, dünya üzrə 66 yeni nüvə reaktoru inşa edilir.
Keçmişin səhvlərini təhlil etmək və nüvə qurğularından təhlükəsiz istifadəni möhkəmləndirmək məqsədilə bu il aprelin 19-dan 21-dək Kiyevdə Çernobıl qəzasının 25 illiyinə həsr olunmuş Beynəlxalq konfrans keçirilmişdir. Yaponiyada bu yaxınlarda baş vermiş və bütün dünyanı lərzəyə salmış faciəli hadisələr atom elektrik stansiyalarının təhlükəsizliyinə növbəti dəfə nəzər salmağın vacibliyini gündəmə gətirmişdir.
Ukrayna Prezidenti Viktor Yanukoviçin sədrliyi ilə keçirilən konfransda BMT-nin baş katibi Pan Gi Mun, BAEA-nın rəhbəri Yukio Amano, 17 ölkənin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə, digər yüksək səviyyəli şəxslər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Baş nazir Artur Rasizadə iştirakçıların diqqətini Ermənistandakı Metsamor AES-in seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyi olmasına cəlb etmişdir. A.Rasizadə dünya birliyini artıq dağıdıcı zəlzələlərin baş verdiyi Ermənistandakı AES-in bağlanmasına kömək etməyə çağırmışdır.
Konfrans çərçivəsində Çernobıl qəzasının hələ də davam edən fəsadlarının aradan qaldırılması məqsədilə yeni layihələrin reallaşdırılması üçün vəsait toplamaq məqsədilə “donorlar konfransı” da keçirilmişdir. Konfransın təşkilində və vəsaitlərin toplanmasında Avropa Yenidənqurma və İnkişaf Bankı vacib rol oynamışdır. Bu bank həmin layihələrin icrası üçün 120 milyon avro vəsait ayırmışdır.
Rəsmi Kiyevin məlumatına görə, “donorlar konfransı”nda 550 milyon avro vəsait toplanmışdır. Çernobıl AES-in üzərində yeni sarkofaqın inşa edilməsinə maliyyə ayıran ölkələr arasında Azərbaycan da vardır.
Bu gün Çernobıl AES-də baş vermiş dəhşətli texnogen qəzadan düz 25 il keçir. Çernobıl dərsləri bir daha sübut edir ki, gələcək nəsillərə ərməğan edəcəyimiz təbiətin və insan varlığının vəziyyəti bu gün bizim özümüzdən asılıdır.
Çernobıl faciəsinin dərsləri təhlükəli olduğu qədər də ibrətamizdir. Bu yalnız qəzanın məkanı olan Ukrayna üçün deyil, həmçinin bütün bəşəriyyət üçün də xəbərdarlıqdır. Bu faciədən çıxarılacaq əsas nəticə isə, şübhəsiz, onun bir daha təkrar olunmamasına zəmin yaratmaqdan ibarətdir.
Laçın Sultanova
AZƏRTAC-ın müxbiri