Dünyanın ən varlı insanı - LVMH şirkətlər qrupunun prezidenti Bernard Arno
Bakı, 4 aprel, AZƏRTAC
Forbes jurnalının versiyasına görə LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arno 2023-cü ildə dünyanın ən varlı adamları reytinqinə başçılıq edir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat nəşrin saytında yer alıb. Bildirilir ki, LVMH-nin gəliri, mənfəəti və səhmləri hazırda ən yüksək səviyyədədir. Beləliklə, Arnonun sərvəti son 12 ayda 53 milyard dollar artaraq 211 milyard dollara çatıb .
Tesla və SpaceX kompaniyalarının rəhbəri, tviterin sahibi və ötən il siyahıya başçılıq edən İlon Mask ikinci yerə enib. O, 2022-ci illə müqayisədə 39 milyard dollar itirib. Hazırda Maskın sərvəti 180 milyard dollar həcmində qiymətləndirilir.
Reytinq cədvəlində üçüncü yeri 114 milyard dollar sərvətlə Amerikanın Amazon korporasiyasının yaradıcısı Ceff Bezos tutur. Amazon səhmlərinin 38 faiz ucuzlaşması səbəbindən Bezos təxminən 57 milyard dollar zərərə düşüb.
Planetin ən varlı adamları reytinqinin onluğuna, həmçinin Oracle korporasiyasının yaradıcılarından biri, amerikalı Larri Ellison (107 milyard dollar), Berkshire Hathaway şirkətinin investisiya fondunun rəhbəri Uorren Baffet (106 milyard dollar), Microsoft şirkətinin təsisçisi Bill Qeyts (104 milyard dollar), amerikalı sahibkar və siyasətçi Maykl Blumberq (94,5 milyard dollar), meksikalı sahibkar Karlos Slim Elu (93 milyard dollar), Indian Reliance Industries kompaniyasının rəhbəri Mukeş Ambani (83,4 milyard dollar) və Microsoft şirkətinin keçmiş baş direktor Stiven Balmer (80,7 milyard dollar) daxildir.