Ədliyyə Nazirliyi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib
Bakı, 3 aprel, AZƏRTAC
Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən bu il ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində ədliyyə orqanlarında dahi öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə nazirlik tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, yaşıllığın qorunmasına daim xüsusi önəm verib, bu məqsədlə mühüm proqramlar qəbul olunaraq icra edilib. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, insanların sağlam mühitdə yaşaması üçün ardıcıl işlər görülür. Bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr həyata keçirilir.
Ədliyyə Nazirliyi rəhbərliyinin və kollektivinin iştirakı ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində təşkil olunmuş aksiyada həmişəyaşıl ağaclar əkilib, onlara qulluq göstərilib.
“Heydər Əliyev İli”ndə nazirliyin yerli və regional qurumları, məhkəmələr tərəfindən də böyük həvəs və fəallıqla ağacəkmə kampaniyaları təşkil edilir.