ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Layihənin rəhbəri professor Rolf Knipper ölkəmizdə missiyasının başa çatması ilə əlaqədar ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda mütərəqqi hüquqi islahatların geniş vüsət aldığını, ölkəmizlə sıx əməkdaşlıq edən GTZ-nin bu proseslərə fəal qoşulduğunu bildirən nazir islahatlara dəstək layihəsinin uğurla həyata keçirilməsində, eləcə də dövlətlərimiz arasında hüquqi sahədə əməkdaşlığın inkişaf etdirilməsində layihə rəhbəri R.Knipperin xidmətlərini xüsusi vurğulamışdır.
Qeyd edildi ki, ötən müddət ərzində həmin layihə çərçivəsində mülki, iqtisadi və inzibati qanunvericiliyin təkmilləşdirilməsi və mühüm layihələrin hazırlanması üzrə fəal iş aparılmış, beynəlxalq, xüsusilə Almaniya təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı səmərəli əməkdaşlıq həyata keçirilmiş, elmi-praktiki tədbirlər, o cümlədən hakimlər və digər hüquqşünaslar üçün faydalı seminarlar təşkil olunmuşdur.
Almaniyanın ölkəmizdəki səfiri Detlef Lingeman tədbirdə çıxış edərək, son illər ərzində Azərbaycanın dinamik inkişafından, xüsusilə mütərəqqi hüquqi islahatların aparılmasında böyük uğurlar qazanıldığından danışaraq, bu sahədə GTZ-nin və alman mütəxəssislərinin iştirakından məmnun olduğunu bildirmişdir.
Azərbaycanda həyata keçirilən mütərəqqi hüquqi islahatlara təmsil etdiyi qurumun və şəxsən özünün dəstək vermək imkanı üçün şərəf duyğunu bildirən R.Knipper faydalı əməkdaşlığa görə Ədliyyə Nazirliyinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirmiş, xalqımızın həyatın bütün sahələrində sürətli inkişaf dövrünü yaşadığını nəzərə çarpdırmışdır.
Tədbirdə ölkəmizdə məhkəmə-hüquq, o cümlədən ədliyyə sistemində aparılan islahatlara dəyərli dəstək verdiyinə görə R.Knipperə Ədliyyə Nazirliyinin Rəmzi Medalı təqdim edilmişdir.
Görüşdə ədliyyə nazirinin müavini Toğrul Musayev, Ali Məhkəmənin sədr müavini Hikmət Mirzəyev, digər məhkəmə sədrləri və hakimlər iştirak etmişlər.