Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 12 yanvar (AZƏRTAC). Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Ədliyyə Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru İlham Abbasov tədbiri açaraq, 20 Yanvar faciəsinin baş vermə səbəblərindən danışmışdır. Bildirilmişdir ki, 20 Yanvar hadisəsi əslində Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsidir. Həmin gün Azərbaycan xalqı yüzlərlə övladını qurban vermişdir. Xalqımızın qəhrəman oğul və qızları təpədən-dırnağa qədər silahlanmış sovet ordusu hissələrinin qarşısında dayanmağa qadir olduqlarını dünyaya sübut etmişlər.
Yığıncaqda sovet imperiyasının törətdiyi bu faciə bəşəriyyətə, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilmişdir. Hadisələrin xronikasına bir daha nəzər salınmışdır. Vurğulanmışdır ki, 1990-cı il yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku təxribat nəticəsində partladılaraq sıradan çıxarılmış, yanvarın 20-nə keçən gecə keçmiş SSRİ və Azərbaycan SSR Konstitusiyasının tələblərini kobud şəkildə pozan imperiya silahlıları respublikamıza qarşı açıq hərbi təcavüz etmişlər. Həmin gecə sovet ordusunun müxtəlif hərbi birləşmələri qanunsuz olaraq Bakıya yeridilmiş, bu zaman misli görünməmiş qəddarlıqla 131 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmışdır.
Lənkəran və Neftçala şəhərlərində də keçmiş sovet ordusunun hissələri tərəfindən belə qırğınlar törədilmişdir.
Tədbirdə, həmçinin qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, buraya yığışmış xarici jurnalistlər və azərbaycanlılar qarşısında çıxış etmiş, imperiya siyasətini, o cümlədən, M.Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmiş və pisləmişdir.
Yığıncaqda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il martın 29-da keçirilmiş iclasında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi xüsusi vurğulanmışdır.