Əfqan Nifti: Böyük Britaniyada Xəzər regionu ilə əməkdaşlığa böyük maraq var
London, 4 dekabr, AZƏRTAC
İstər bərpaolunan enerji, istərsə də konvensional enerji sahəsində Avropa və Böyük Britaniyada Xəzər regionu ilə əməkdaşlığa böyük maraq müşahidə olunur. Bu marağın gələcəkdə daha da artacağı gözlənilir.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Londonda keçirilən III London enerji təhlükəsizliyi konfransında deyib.
O, Xəzər regionunun enerji təhlükəsizliyinə töhfələrinə həsr olunmuş tədbirin əhəmiyyətinə toxunub. Əfqan Nifti qeyd edib ki, konfransda Xəzər regionunun Avropanın və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr müzakirə olunub.
Əfqan Nifti deyib ki, konfransda, həmçinin COP30 və Azərbaycanın COP29 zamanı verdiyi töhfələr müzakirə edilib. “Görürük ki, həm ekspert ictimaiyyəti, həm də siyasi dairələr bu məsələlərə xüsusi diqqət göstərirlər. Ümid edirəm ki, bu kimi tədbirləri gələcəkdə də davam etdirəcəyik. İyun ayında isə Orta Dəhliz və regional bağlantılarla bağlı növbəti tədbirimizi keçirməyi planlaşdırırıq”, - deyə Xəzər Siyasət Mərkəzinin direktoru əlavə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London