ƏFQANISTANDA SİLAHLI QÜVVƏLƏRİMİZİN 90 İLLİYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Əfqanıstandakı müvəqqəti işlər vəkili İbrahim Qafarov iyunun 26-da Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində xidmət edən əsgərlərimizlə görüşmüş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə onları təbrik etmişdir.
Görüşdə milli ordumuzun yaradılması tarixindən söhbət açılmış, ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusunun möhkəmlənərək regionun ən güclü ordularından birinə çevrildiyi qeyd edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümünü qeyd edən əsgərlərimiz həmin gün yerləşdikləri hərbi hissədə komandanlığın dəyişilməsi münasibətilə keçirilən tədbirdə də fəal iştirak etmiş, bu münasibətlə təşkil olunan hərbi paradda məharətlərini göstərmişlər. Əsgərlərimiz mərasimdə iştirak edən yüksək səviyyəli qonaqlar - Əfqanıstanın dövlət rəsmiləri, Kabul valisi və yüksək çinli komandirlər tərəfindən alqışlanmışlar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azadlıq meydanında təşkil edilən hərbi paraddakı nitqi əsgərlərimizin diqqətinə çatdırılmış, ordumuzun möhkəmləndirilməsi ilə əlaqədar intensiv işlər aparıldığı, Azərbaycan Ordusunun peşəkarlıqla yanaşı, maddi, texniki bazasının möhkəmləndirildiyi, əsgər və zabitlərimizə dövlət qayğısının artırıldığı bildirilmiş, bununla əlaqədar Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar barədə ətraflı məlumat verilmişdir.
Nümayəndəliyin başçısı Azərbaycan-Əfqanıstan əlaqələri barədə əsgərlərimizə ətraflı məlumat vermiş, əfqan rəsmiləri ilə keçirilən görüşlərdə əsgərlərimizin xidmətindən həmişə razılıq ifadə edildiyinin şahidi olduğunu qeyd etmiş, bunun Əfqanıstan dövlət rəsmilərinin və sıravi vətəndaşlarının ölkəmizə rəğbət və hörmət hissinin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir. Hərbi hissədə keçirilən mərasimdə iştirak etdiklərinə görə Bakıdakı paradı televiziya vasitəsilə izləyə bilmədiklərini qeyd edən əsgərlərimizə tezliklə paraddan hazırlanmış verilişin videolentini çatdıracağını bildirən ölkəmizin Əfqanıstandakı nümayəndəsi Milli Ordumuzun yaradılmasının 90 illiyi ilə əlaqədar əsgərlərimizə bayram sovqatı da paylamışdır.
######
