Əhali arasında sanitariya maarifləndirmə işləri çərçivəsində TƏBİB və Bakı Nəqliyyat Agentliyi aksiya keçiriblər
Bakı, 6 mart, AZƏRTAC
Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri çərçivəsində Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Bakı Nəqliyyat Agentliyi (BNA) aksiya keçiriblər.
Bu barədə AZƏRTAC-a TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Nəqliyyat Könüllüləri tərəfindən mərkəzin ərazisində sərnişinlərə TƏBİB-in hazırladığı broşürlər paylanılıb. Broşürdə respirator virus infeksiyalarından qorunmaq, gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub. Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər yerləşdiriblər.
Eyni zamanda, Hava Limanı ekspress avtobuslarında TƏBİB tərəfindən hazırlanmış kliniki sağlam olan, lakin COVID-19 virus xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr əks olunan bukletlər paylanılıb.