Əhalinin sağlamlığının qorunmasına yönələn humanitar aksiya
150 mindən çox cəlilabadlı pulsuz tibbi müayinədən keçirilir
Cəlilabad, 2 mart, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinəsi Cəlilabad rayonunda da uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin sağlamlığının qorunmasına yönələn humanitar aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ayrı-ayrı yaşayış məntəqələrinin əhalisi, habelə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin kollektivləri üçün konkret gün müəyyən olunub. Tibbi müayinələr rayon mərkəzi xəstəxanasında və Cəlilabad Diaqnostika Mərkəzində aparılır.
Rayon sakinləri yüksəkixtisaslı, təcrübəli həkim-mütəxəssislər tərəfindən hərtərəfli tibbi müayinələrdən keçirilir. Ucqar dağ kəndlərindən rayon mərkəzinə gələ bilməyən sakinləri müayinəyə cəlb etmək məqsədilə səyyar həkim briqadaları yaradılıb.
Tibbi müayinələr nəticəsində xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.
Humanitar aksiya çərçivəsində indiyədək 19 mindən çox rayon sakini tibbi müayinədən keçib. 1769 nəfər ambulator, 56 nəfər isə stasionar müalicəyə cəlb edilib. Xəstələrdən 32 nəfəri üzərində cərrahiyyə əməliyyatı aparılıb. Müalicəsi rayonda mümkün olmayan 64 nəfər isə Bakı şəhərindəki müvafiq səhiyyə müəssisələrinə göndərilib.
Tibbi müayinədən keçən sakinlər yaradılan şəraitdən, işin təşkilindən razılıqlarını ifadə edərək, vətəndaşların sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Cəlilabad rayonunda yaşı 18-dən yuxarı olan 150 mindən çox sakin humanitar aksiyadan yararlanacaq.