SİYASƏT
Əhməd Attaf: Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik edib
![](/files/galleryphoto/2024/1/1200x630/17056753951298847640_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056753963969735329_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056753965950959711_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 19-da Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu Zirvə görüşü çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.
Söhbət əsnasında, həmçinin son dövrlərdə Azərbaycan ilə Əlcəzair arasında qarşılıqlı təmasların artmasının müşahidə olunduğu məmnunluqla qeyd edilib. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğu, mövcud imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr platformasının əhəmiyyəti qeyd edilib.
Nazir Əhməd Attaf Azərbaycanın dörd il müddətində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini, Hərəkatın dirçəldilməsində vacib rol oynadığını diqqətə çatdıraraq, göstərilən səylərə görə Azərbaycan tərəfinə təşəkkür edib. Əlcəzair ilə Azərbaycan arasında xüsusilə regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu, bu istiqamətdə işbirliyinin daha da genişləndirilməsi üçün qarşılıqlı təmasların artırılmasının vacibliyi vurğulanıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.