Əhməd Cəfəroğlunun folklor araşdırmaları – yeni nəşr
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları” adlı monoqrafiyası işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Kitab Birinci Türkoloji Qurultayın 100 illiyinə ithaf olunub. Nəşrin elmi redaktoru professor Tofiq Məlikli, ön sözün müəllifi professor Osman Fikri Sertkaya, rəyçiləri isə professor Sebahattin Şimşir və professor Pərvanə Bayramdır.
XX əsr Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi, dünyaşöhrətli türkoloq, uzun illər İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmış Əhməd Cəfəroğlu haqqında yazılan monoqrafiyada onun folklorla bağlı araşdırmaları, folklorşünaslıq sahəsində apardığı tədqiqatlar və türkoloji araşdırmaları sistemli şəkildə təhlil olunub.
Əsərdə onun sayaçı sözləri, Azərbaycan bayatıları, inanc və ovsunlar, paremioloji vahidlər, türk mifologiyası, qopuz və aşıq sənəti, əfsanə, lətifə və nağıllar, dastan poetikası, folklor nümunələrinin toplanması və sistemləşdirilməsi istiqamətində fəaliyyəti geniş şəkildə araşdırılıb.
Professor Osman Fikri Sertkaya monoqrafiyaya yazdığı ön sözdə Əhməd Cəfəroğlunu Mahmud Kaşğari və Fridrix Vilhelm Radlofdan sonra dünyanın üçüncü böyük türkoloqu kimi dəyərləndirib.
Kitabda, həmçinin Əhməd Cəfəroğlunun türkologiyaya verdiyi töhfələr, habelə xatirələr əsasında həyat və yaradıcılığının indiyədək az araşdırılmış məqamları geniş işıqlandırılıb.