ORDU
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Bakı, 5 yanvar, AZƏRTAC
Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq istəyən müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar yanvarın 5-dən 25-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.
“Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.
Kursa qəbul olunmaq istəyən namizədlər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən müvafiq ərizə (qəbul komissiyasının sədrinə), şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə), xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 ədəd), xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin, doğum və nikah haqqında (evli olduqda) şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri (hər birindən 1 ədəd), evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 ədəd), 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə), psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında, qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında, qeydiyyatda olduğu poliklinikadan son beş ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayışları, hərbi biletin notarial qaydada təsdiq olunmuş surətini (1 ədəd) təqdim etməlidirlər.
Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi). Telefon: (012) 538-85-62.
Müraciətlər 2022-ci il yanvarın 5-dən 25-dək hər gün (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək qəbul olunur.