İQTİSADİYYAT
Ekspert: Astana səfəri Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığı daha da gücləndirəcək
![Ekspert: Astana səfəri Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığı daha da gücləndirəcək](/files/2023/1/1200x630/1681129406372859574_1200x630.jpg)
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri Şərqdən Qərbə nəqliyyat əlaqələrinin qurulmasında “Orta dəhliz”in daha rəqabətədavamlı olması üçün zəruri addımlar atılmasına kömək edəcək və ölkələrimizin regionda mövqeyini daha da gücləndirəcək.
Bunu AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.
O bildirib ki, ötən il Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd edildi. Bu dövr ərzində ölkələrimiz nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün bir çox layihələr həyata keçiriblər. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, ölkələrimizin əlverişli tranzit potensialı və logistika imkanlarının birləşdirilməsi Astana və Bakının regionda rolunun güclənməsinə impuls verib. Son illər isə Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində hərbi sahədə işbirliyi Astana-Bakı əməkdaşlığına yeni məzmun verib.
“Hazırda Xəzər bölgəsində və Şərqdən Qərbə nəqliyyat əlaqələrinin qurulmasında Qazaxıstan-Azərbaycan əməkdaşlığı həlledici rola malikdir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi digər türk dövlətləri üçün də uğurlu əməkdaşlıq modeli yaradıb və bütövlükdə Türk Dövlətləri Təşkilatları üçün yeni format müəyyən edib. Azərbaycan türk dövlətlərinin inteqrasiyası, TDT-nin güclü beynəlxalq oyunçuya, regional birliyə çevrilməsi üçün göstərdiyi səylər digər türk dövlətlərində olduğu kimi, Qazaxıstanda da yeni dövrün çağırışlarına adekvat təşəbbüs kimi dəyərləndirilir. Eyni zamanda, Azərbaycanın nəqliyyat və energetika sahəsində əldə etdiyi uğurlar, Türkiyə, Avropa İttifaqı ilə transmilli layihələr digər türk ölkələri üçün də yaxşı perspektivlər açır”, - deyə Zaur İbrahimli qeyd edib.
O deyib: “Prezident İlham Əliyevin Astana səfəri Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığı daha da gücləndirəcək, eyni zamanda, TDT-nin güclü birliyə çevrilməsi strategiyasına töhfə verəcək. Həmçinin Şərqdən Qərbə nəqliyyat əlaqələrinin qurulmasında “Orta dəhliz”in daha rəqabətədavamlı olması üçün zəruri addımlar atılmasına kömək edəcək və ölkələrimizin regionda mövqeyini daha da gücləndirəcək. Prezident İlham Əliyevin transmilli layihələrin hazırlanması və uğurla həyata keçirilməsində böyük təcrübəsi bu baxımdan “Orta dəhliz” layihəsinin uğurunu da şərtləndirən amillərdən biridir. Azərbaycan bu sahədə böyük təcrübəyə və potensiala malikdir və rəsmi Bakı digər tərəfdaşlara da bu dəstəyi verməyə hazırdır. Prezident İlham Əliyevin səfəri bu baxımdan da əlamətdar olacaq. Hər iki ölkənin əməkdaşlığının güclənməsi kənar təsirlərin neytrallaşdırılması potensialını gücləndirir və güman etmək olar ki, bu da əsas diqqət mərkəzində olacaq”.