Ekspert: Azərbaycan tərəfdaşları üçün etibarlı və sabit təbii qaz təchizatçısıdır
Bakı, 2 iyun, AZƏRTAC
Bu günlərdə paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Həftə çərçivəsində ötən gün Bakıda 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimi baş tutdu. Beynəlxalq və regional enerji təhlükəsizliyinin təmin olunmasında əsas söz sahiblərindən sayılan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə vacib layihələr gerçəkləşdirir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadi inkişaf daha üst səviyyəyə yüksəlib. Azərbaycan neftinin və qazının dünya bazarına çıxarılması nəticəsində əldə olunan gəlir milli büdcəni bərpa etməkdə, möhkəmləndirməkdə, əhalinin yaşam səviyyəsinin yüksəldilməsində mühüm addımlardır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ekspert Aydan Qurbanova söyləyib.
Onun sözlərinə görə, hər zaman “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə bu önəmi vurğulayan ümummilli lider Heydər Əliyevin neft strategiyasının başlanğıcı ilə eyni vaxta təsadüf edən Beynəlxalq Xəzər Neft və Qaz Sərgi-konfransının keçirilməsi ənənəsi neft sənayemizin yeni mərhələdə inkişafına dünyanın diqqətini cəlb edən əsas amil kimi mühüm rol oynayıb. İlk əvvəl Azərbaycan bu sərgi-konfransla öz enerji potensialını dünyaya tanıtmağa çalışırdısa, bu gün strateji tərəfdaşlığın, beynəlxalq inteqrasiyanın və enerji təhlükəsizliyinin etibarlı təminatçısı missiyasını təqdim edir.
“Ulu öndər Heydər Əliyevin neft strategiyası əsasında təşəkkül tapan sərginin bu gün uğurlarımızın platformasına çevrildiyini qeyd edən A.Qurbanova deyib: “Ənənəvi Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin Bakı Enerji Həftəsi çərçivəsində keçirilməsi xüsusi önəm daşıyır. Bu gün bütün dünyada öz sözünü demiş və etibarlılıq kimi böyük bir amili özündə əks etdirən Azərbaycanın qazına tələbat sürətlə artır, eyni zamanda, Azərbaycan elektrik enerjisi ixrac edən ölkədir. Avropada təbii sərvətlərimizlə bağlı fəaliyyətimiz genişləndirilir, ölkəmizin hasilatı və ixracı artır. Azərbaycan “Şahdəniz” qaz-kondensat yatağında tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Bununla bərabər Azərbaycandan başlayan Cənub Qaz Dəhlizi bu sahədə böyük fərəh hissi keçirəcəyimiz layihələrimizdəndir və mühüm əhəmiyyət kəsb edir”.
Ekspert onu da qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində bu gün keçirilən Enerji Forumunda qlobal enerji perspektivləri, “yaşıl enerji”yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunub. Builki forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edib.
Azərbaycan tərəfdaşları üçün etibarlı və sabit təbii qaz təchizatçısıdır və bu, uzunmüddətli tərəfdaşlıqlar üçün strateji davamlılığın artmasına, enerji səmərəliliyi və həmçinin iqtisadi artımın sənaye bazalarının gücləndirilməsinə öz töhfəsini verir.
Bu gün Zəngəzur dəhlizinin açılması və fəaliyyətinə başlanması istiqamətində görülən bütün işlər Azərbaycanın etibarlı tranzit ölkəsi olduğunu bir daha sübut edir. Çünki bu, yalnız yüklər üçün deyil, eyni zamanda, elektrik enerjisi üçün də mühüm ixrac marşrutu olacaq.