Ekspert: Azərbaycanda büdcədənkənar vəsaitlərdən istifadəyə nəzarət gücləndirilir
Bakı, 10 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin bu gün imzaladığı dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Fərman həmin vəsaitlərdən istifadəyə nəzarətin gücləndirilməsi deməkdir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
“Fərmana əsasən, büdcədənkənar vəsaitlərin bir hissəsi “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək, qalan hissəsi büdcəyə köçürüləcək. Eyni zamanda, həmin vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyən edilib”, - deyə o qeyd edib.
Ekspert bildirib ki, Fərmanda daha bir maraqlı məqam büdcənin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması planları ilə bağlıdır: “Maliyyə Nazirliyi bununla bağlı təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir. Söhbət təxminən yarım milyard manat vəsaitin xərclənməsinə nəzarətin gücləndirilməsindən gedir. Hazırda Azərbaycanda 8 məqsədli büdcə fondu var. 2026-cı ilin dövlət büdcəsində onların ümumi xərcləri 472,35 milyon manat nəzərdə tutulub. Fondlar ləğv edilsə, həmin xərcləmələr mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək”.