Ekspert: Diplomlu kadrlar çoxdur, lakin əmək bazarının tələblərinə uyğun mütəxəssislər azdır
Bakı, 20 fevral, AZƏRTAC
Müasir əmək bazarında əsas problem ali təhsilli kadrların sayı deyil, onların praktik bacarıqlarının real tələblərə cavab verməməsidir. Bu baxımdan abituriyentlərin həm qeydiyyat, həm də ixtisas seçimi mərhələsində daha məsuliyyətli davranması xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli söyləyib. Onun sözlərinə görə, hazırda ölkədə ən çox çatışmayan kadrlar əmək bazarının real tələblərinə cavab verən, praktik bacarıqları formalaşmış mütəxəssislərdir. Xüsusilə texniki sahələrdə, mühəndislik istiqamətlərində, informasiya texnologiyaları və rəqəmsal bacarıqlar üzrə, eləcə də peşə təhsili səviyyəsində ixtisaslı kadrlara ehtiyac daha çox hiss olunur. Bununla yanaşı, təhsildə keyfiyyətli müəllim kadrları, səhiyyədə orta tibb işçiləri və xidmət sektorunda peşəkar mütəxəssislərə ehtiyac da aktual olaraq qalır.

Ekspert hesab edir ki, abituriyentlərin qeydiyyat mərhələsində ən çox yol verdiyi səhvlərdən biri prosesə tələsik və diqqətsiz yanaşmalarıdır. Xüsusilə imtahan qrupunun, təhsil bazasının, təhsil formasının, dil seçiminin və digər texniki seçimlərin düzgün aparılmaması sonradan ciddi problemlər yarada bilər. Eyni zamanda, bəzi abituriyentlər elektron ərizəni doldurduqdan sonra son mərhələdə təsdiqləmə prosesini tamamlamır və bu da onların müsabiqəyə buraxılmasında çətinlik yaradır. Buna görə də qeydiyyat zamanı bütün məlumatların diqqətlə yoxlanılması və ərizənin sistemdə təsdiq statusuna gətirilməsi olduqca vacibdir.
Ə.Həsənli vurğulayıb ki, ixtisas və universitet seçimi zamanı da abituriyentlər bəzən emosional qərarlar qəbul edir və ya yalnız universitetin adına üstünlük verirlər. Halbuki düzgün yanaşma əvvəlcə ixtisasın, yəni gələcək peşənin müəyyənləşdirilməsi, daha sonra isə həmin ixtisas üzrə daha keyfiyyətli təhsil verən ali təhsil müəssisəsinin seçilməsidir. Prioritetləri düzgün müəyyən etmək üçün abituriyent həm öz maraq və bacarıqlarını, həm də əmək bazarında həmin sahənin perspektivlərini nəzərə almalıdır. Seçim siyahısı tərtib edilərkən isə ən çox istənilən ixtisaslar yuxarı sıralarda qeyd olunmalıdır, çünki qəbul prosesi yerləşdirməni məhz bu prioritetlərə uyğun aparır.