Ekspert: Paşinyan Moskva görüşündə də Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edildi
Bakı, 27 may, AZƏRTAC
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurası ölkələrinin keçirdiyi tədbirdə qonaq qismində iştirak etsə də, onun üzvü olan ölkələrlə digər formatlarda yaxın sıx əlaqəsinin olmasını qeyd etdi. Azərbaycanın istər MDB, istərsə də Türk Dövlətləri Təşkilatı tərkibində bu ölkələrlə iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyev belə görüşlərdə dəfələrlə iştirak edib. Dövlətimizin başçısı həmin təşkilatlarla və ölkələrlə aparıcı istiqamətverici iş qurub. Şuranın iclasından əvvəl Prezidentimiz həmin dövlətlərin rəhbərləri ilə səmimi söhbət edərək Rusiya-Azərbaycan strateji əməkdaşlığının önə çəkilməsini iştirakçıların diqqətinə çatdırıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.
Onun sözlərinə görə, Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasının tədbirinə qatılmasının əsas strateji məqamı bu şuranın iclasında Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi ittihama cavabı olaraq beynəlxalq ictimaiyyətə əsl həqiqətlərin çatdırılması və Ermənistan, Azərbaycan və Rusiyanın imzaladığı birgə üçtərəfli Bəyannaməni dəstəkləməsini göstərmək idi. Bu görüşdə hər hansı üçtərəfli, ikitərəfli formatda sülhə aparacaq müzakirələrin aparılması Azərbaycanın onlardan kənarda qalmamasının bariz nümunəsidir.
Görüşün əsas məqamlarından biri də Ali Avrasiya İqtisadi Şurasında Ermənistan xaric digər ölkələrin bu şuraya verdiyi töhfənin bir daha diqqətə çəkilməsi oldu. İclasda Azərbaycan Prezidenti Ermənistanın təşkilata ağır yük olduğunu və bu Şuraya töhfə verməyəcəyini bir daha açıq şəkildə bəyan etdi. İqtisadi baxımdan dövlətimizin başçısı Ali Avrasiya İqtisadi Şurası ölkələri və Azərbaycan dövlətinin 5 milyard dollara yaxın ticari dövriyyəsinin olmasını diqqətə çatdıraraq bir neçə məqamlara toxundu. Təşkilatın Azərbaycansız fəaliyyəti onun daha da geri qalmasını göstərir. Bunu əsas şərtləndirən amillər daxil ticarət dövriyyəsinin olması, yol infrastrukturunun, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin önə çəkilməsi, Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin nəinki Azərbaycanın, eləcə də Ali Avrasiya İqtisadi Şurasının gələcək potensiallarını üzə çıxarmasıdır. İqtisadi Şuranın Qara dəniz hövzəsinə və Avropa İttifaqına çıxışı üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əsas kommunikasiya dəhlizinin olmasını dövlətimizin başçısı qeyd etdi. Həmçinin Azərbaycanda çoxlu sayda beynəlxalq hava limanlarının istifadəyə verilməsinin təşkilatın gələcək iqtisadi gücünün artırılmasına kömək edəcəyi ilə bağlı təklifləri diqqətə çatdırdı. Ölkəmizin bu Şuraya sanballı töhfələri qarşısında, əksinə, Ermənistanın Şuranın iclasına hansı təkliflə gəlməsi və töhfə verməsi tədbir iştirakçılarında böyük sual doğurmuşdu.
Ekspert bildirib ki, Azərbaycanın bütün bu uğurlarını qəbul etməyi bacarmayan Nikol Paşinyan iclasda Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-ci ildə imzalanan birgə üçtərəfli Bəyannamənin bəndlərinin pozulması üçün təxribat xarakterli məsələlər ortaya atdı. Üçtərəfli Bəyannamənin müvafiq bəndində göstərilən bütün kommunikasiyaların açılması məsələsində Paşinyan Azərbaycan dövlətinin guya başqa məqsədlər güdməsi kimi təxribat xarakterli suallar ortaya qoydu.
“Əvvəllər deputat olmuş Nikol Paşinyan Ermənistan parlamentində çıxışında keçmiş prezidentlər Ter-Petrosyanın, Serj Sarkisyanın və Robert Koçaryanın Azərbaycanın ərazi bütövlüyünü öz imzaları ilə təsdiqləmələrini önə çəkmişdi. Paşinyan Moskva görüşündə də Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edildi. Azərbaycan dövlətinin postmüharibə dövründə həyata keçirdiyi bütün layihələr, eləcə də hərbi gücünün artırılması ölkəmizin ərazi bütövlüyünün tanımasına gətirib çıxaran amillərdir. Eyni zamanda, bu istiqamətdə Prezidentimizin qazandığı uğurlardan biridir.
Maraqlı məqamlardan biri budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan hansı sənədi imzalamasından hələ də məlumatsızdır və orada göstərilmiş bütün kommunikasiyaların açılması ifadəsini o bu dəhlizin də Laçın yolu olması kimi anlayır. Bildirir ki, həmin yol Rusiya sülhməramlı missiyasının nəzarətində olmalıdır. Sonra o deyir ki, biz Azərbaycanla ilkin razılaşmada iki ölkənin qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüklərini tanımaqla razılaşmışıq. Bu ifadənin nə olduğunu anlamayan Paşinyana Prezidentimizin tutarlı cavabı oldu ki, Ermənistanın tanıdığı ərazi bütövlüyü dövlət sərhədimizin həmin Laçın dəhlizində qurduğumuz sərhəd-keçid məntəqəsidir”, - deyə ehtiyatda olan polkovnik-leytenant vurğulayıb.
Digər məqamlardan biri odur ki, dövlətimizin başçısı Azərbaycanın heç bir dəhlizi bağlamadığını, əksinə hər hansı dəhlizin açılmasına təşəbbüs göstərdiyini və bunu Rusiya Prezidenti və dövlətinin də dəstəkləməsini diqqətə çatdırıb. Paşinyanın çıxışında Rusiya Prezidenti Vladimir Putinin xəfif gülüşü onun birgə bəyanatda nəyə imza atdığı barədə məlumatsızlığını bir daha təsdiqlədi. Prezidentimizin Zəngəzur dəhlizinin beynəlxalq status alması barədə təşəbbüsü, yəni bütün kommunikasiyaların, Şərq-Qərb dəhlizinin açılması Ali Avrasiya İqtisadi Şurasına verəcəyi töhfə daha önəmlidir. Lakin Ermənistanın baş naziri kommunikasiyaların bağlanması və bu istiqamətlərə beynəlxalq missiya adı ilə Azərbaycana və Cənubi Qafqaza marağı olan üçüncü dövlətlərin gətirilməsi kimi yararsız təkliflərlə bu sammitə qatılmışdı.