“ƏLA TƏHSİLLƏ, ZƏNGİN MƏNƏVİYYATLA VƏTƏNƏ XİDMƏT ETMƏLİ” MÜSABİQƏSİNƏ YEKUN VURULDU
AZƏRTAC-ın müxbiri xəbər verir ki, fevralın 15-də Qax rayon mədəniyyət evində müsabiqənin builki qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur. Tədbirin əvvəlində müsabiqənin qalibləri adından ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsinin önünə əklillər qoyulmuşdur. Sonra tədbir iştirakçıları mədəniyyət evinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva və təhsil şöbəsinin müdiri Məmməd Xasıyev çıxış edərək müsabiqənin məqsədi, şərtləri və növbəti mərhələnin yekunları barədə məlumat vermişlər. Bildirilmişdir ki, müsabiqənin bu ilin yanvar ayında keçirilən məktəb turlarında 591, rayon turunda isə 75 şagird iştirak etmiş, 9 nəfər qalib adını qazanmışdır.
Tədbirdə Qax rayon icra hakimiyyətinin başçısı Abbas Göyüşov çıxış edərək müsabiqənin qaliblərini təbrik etmiş və onlara icra hakimiyyəti və təhsil şöbəsi adından fəxri fərmanlar və pul mükafatları təqdim etmişdir.