SİYASƏT
Əlcəzair portalında Cənubi Qafqazda yeni reallıq və Zəngəzur dəhlizi haqqında məqalə yayımlanıb
Qahirə, 27 oktyabr, AZƏRTRAC
Əlcəzairin “Əl Hərir” portalında Cənubi Qafqazda yeni reallıq və Zəngəzur dəhlizi haqqında məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə 44 günlük müharibədə Ordumuzun Qələbəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Bəyanatın 9-cu bəndində ölkəmizin əsas ərazilərini Naxçıvanla birləşdirən nəqliyyat dəhlizinin açılması və dəmir yolu əlaqəsinin bərpa olunmasının nəzərdə tutulduğu, lakin erməni tərəfinin bu sənədlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi bildirilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirir, ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı şəkildə tanınmasının regionda sabitliyin bərqərar olmasına töhfə olacağını bəyan edirlər. Rəsmi Bakının bu konstruktiv yanaşması Brüssel və Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlarda da özünü göstərir.
Yazıda vurğulanıb ki, beynəlxalq ekspertlər Zəngəzur dəhlizinin açılmasının regionda tərəqqiyə və yeni layihələrin həyata keçirilməsinə təkan verəcəyi qənaətindədir. Bu marşrut, eyni zamanda, Avropa ilə Asiya arasında yükdaşımalarının həyata keçirilməsinə də geniş imkanlar yaradacaq. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı yaranmış bu fürsətdən istifadə etməyə və dayanıqlı sülhü təmin edəcək müqaviləni tezliklə imzalamağa çağırıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə