SİYASƏT
Əlcəzairdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycanın Əlcəzairdəki səfirliyində 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə Respublikasının və Pakistan İslam Respublikasının səfirləri, Əlcəzairin rəsmi şəxsləri, bu ölkənin tanınmış ictimai-siyasi xadimləri, media nümayəndələri, həmçinin soydaşlarımız iştirak ediblər.
Tədbirdə çıxış edən ölkəmizin Əlcəzairdəki səfiri Tural Rzayev İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən bəhs edib. O diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad edib, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdırlar. Eyni zamanda, Azərbaycan regionda davamlı sülhə və tərəqqiyə nail olunmasına mühüm töhfələr verir.
Səfir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinin Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz nümunəsi olduğunu vurğulayıb.
Sonra çıxış edən səfirliyin müşaviri Rafael Bağırov 44 günlük Vətən müharibəsinin xronologiyasını təqdim edib, həmçinin postmüharibə dövründə aparılan sülh danışıqları, Ermənistanın Azərbaycana qarşı mina terroru, Qərbi Azərbaycanda ötən əsrdə ermənilər tərəfindən deportasiyaya məruz qalan azərbaycanlılar haqqında ətraflı məlumat verib.
Tədbirdə Vətən müharibəsindən bəhs edən sənədli kadrlar nümayiş etdirilib, iştirakçılara səfirliyin nəşr etdirdiyi və həmvətənlərimizin Qərbi Azərbaycandan məcburi köçünə həsr olunmuş bukletlər təqdim olunub.
Bayram tədbiri konsert proqramı ilə başa çatıb.