İQTİSADİYYAT
“Əlçatan metro” layihəsi seçilmiş 8 ideya arasında
Bakı, 24 fevral, AZƏRTAC
YARAT Müasir İncəsənət Mərkəzində BMT-nin İnkişaf Proqramının (BMTİP) hazırladığı və dünyada təqdirəlayiq hesab edilən ən aparıcı bir neçə ideyanın yer aldığı “Gələcəyimiz üçün” sənədli filminin Milli Premyerası keçirilib.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni”ndən bildirilib.
Tədbirdə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, dövlət qurumları, o cümlədən “Bakı Metropoliteni” QSC-nin, habelə beynəlxalq təşkilat və xarici ölkələrin Azərbaycanda nümayəndəliklərinin rəhbər şəxsləri iştirak ediblər.
"Sabah üçün" təşəbbüsü qlobal miqyasda şəhərləri daha təhlükəsiz, daha inklüziv, davamlı və dayanıqlı etməklə yerli problemləri həll edən innovatorları gündəmə gətirir. Təqdirəlayiq haldır ki, dünyanın 90-a yaxın ölkəsində reallaşan innovativ ideyalar arasından seçilən 8 ideyadan biri məhz Azərbaycandan, Bakı metropoliteninin 2019-cu ildən həyata keçirdiyi “Əlçatan metro” layihəsidir. Bakıda keçirilən film premyerasında dünyanın hər yerindən insanlar tərəfindən paylaşılan həllər arasından seçilmiş 5 innovasiya yer alıb. Qeyd edək ki, 2018-ci ildə layihənin sınaqlarında könüllü kimi xüsusi əməyi olmuş azərbaycanlı ictimai fəal Cəmilə Məmmədli də filmin əsas qəhrəmanlarından biridir.
Tədbiri giriş sözü ilə açan BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nunu Keyruş filmin əhəmiyyətinə toxunaraq qeyd edib: “Dünyanın bir sıra böyük şəhərlərində təntənəli baxışı keçirilən, “youtube.com”, “amazon.com” kimi platformalarda yerləşdirilmiş bu sənədli filmin Bakıda da premyerasını keçirməkdə məqsədimiz bütün tərəfdaşlarımıza, həmfikirlərimizə sabahımız üçün vədlərimizi bir daha xatırlatmaqdır. Sənədli filmdə Azərbaycanın nümunəsi dövlət qurumunun - Bakı metropoliteninin vətəndaşla birgə müəyyən problemin həllini tapmasına mükəmməl misaldır. Bu birgə fəaliyyət BMTİP-in nümayiş etdirməyə və genişləndirməyə çalışdığı qlobal məqsədlərə nail olmağa imkan verən yerli innovativ həllərdir”.
Tədbirdə çıxış edən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov “Əlçatan metro” layihəsinin bir mühüm əhəmiyyətinə xüsusi diqqət çəkib. Bildirib ki, cəmiyyətdə sosial inteqrasiyanın, inklüzivliyin, ünsiyyətin, ictimai fikrin inkişafının sürətləndirilməsində bu layihənin böyük rolu və təsir imkanları var.
B.Məmmədov qarşıya qoyulan hədəflərə çatmaq üçün davamlı iş, araşdırma, təcrübə və fikir mübadilələrinin aparıldığını, dünyada texnoloji reallıqlar, yeni istehsal imkanları, mövcud çətinliklər və s. barədə fikirlərini bölüşüb. Bildirib ki, layihənin mərhələ ilə inkişaf etdirilməsi əsas hədəflərdəndir. Qarşılıqlı fikir, təklif və təşəbbüs mübadiləsinə, korporativ sosial məsuliyyət çərçivəsində əməkdaşlığa açıq olan “Bakı Metropoliteni” QSC qısa müddətdə əldə olunmuş təcrübəni də bölüşməyə hazırdır. Bu, eyni zamanda, bütün sosial kateqoriyalara aid layihənin inkişafında ciddi maraqları olan tərəflərlə reallıqlar üzərində qurulmuş ünsiyyət, mübadilə və bunun üçün nümayiş etdirilən birgə əzm, iradə və uğurun əsas qayəsidir. Pandemiya dövründə münasib şərait yarandığından axtarışlar da bərpa edilib və yaxın vaxtlarda müsbət nəticələrə ümid var. Bu əsnada daha bir daşıma qurğusunun sınaqları üçün tədbirlər görülür. Bundan savayı, bir neçə mümkün texniki həll variantları üzərində iş aparılır.
Premyeradan sonra tədbir iştirakçıları ilə “Əlçatan metro” layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, təəssüratlar bölüşülüb.