Elçin Mirzəbəyli: Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin bugünkü inkişaf səviyyəsi, ilk növbədə, Prezident İlham Əliyevin çoxvektorlu diplomatik gedişlərinin, sabit, ardıcıl, dövlətlərarası münasibətlərdə qarşılıqlı etibar və etimada söykənən uğurlu xarici siyasətinin nəticəsidir. Təxminən on il əvvəl Azərbaycanla Türkmənistan arasındakı bugünkü yüksək səviyyəli münasibətlərin proqnozlaşdırılması belə olduqca çətin idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Ekspert qeyd edib ki, səfər zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 21 sənəd imzalandı. Bu, çox önəmlidir. İmzalanan sənədlər arasında diqqət çəkən məqam nəqliyyat, tranzit, logistika, o cümlədən beynəlxalq daşımalar, dəniz ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları ilə bağlı sazişlərin üstünlük təşkil etməsidir. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması isə hər iki ölkənin qeyd olunan istiqamətlər üzrə uzunmüddətli və sabit əməkdaşlıq perspektivlərindən xəbər verir. Türkmənistanın Azərbaycanla nəqliyyat, tranzit, logistika sahələrində əməkdaşlığa can atması isə, şübhəsiz ki, Prezident İlham Əliyevin ölkəmizin regionun əsas nəqliyyat qovşağına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin nəticəsidir. Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şərq-Qərb, Şimal-Cənub, eləcə də Cənub-Qərb nəqliyyat dəhlizlərinin əsas ötürücü qovşağına çevrilməsi, bu dəhlizlər arasında Bak-Tbilisi-Qars dəmir yolu və ölkə ərazisində inşa edilən yeni logistik mərkəzlər vasitəsilə sinerji yaradılması imkanları Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistan üçün də yeni və daha əlverişli imkanlar açır.
Elçin Mirzəbəyli bildirib ki, əvvəllər Xəzərin hüquqi statusu ilə bağlı fikir ayrılıqları, üçüncü tərəflərin təfriqəçi müdaxilələri və digər amillər Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına maneə yaradırdı. Amma Azərbaycan Prezidentinin Xəzərin hüquqi statusunun həlli, həmçinin Bakı-Aşqabad münasibətlərinin inkişafı istiqamətində atdığı addımlar, kənar müdaxilələrə imkan yaradan boşluqların aradan qaldırılması, nəinki Azərbaycan-Türkmənistan münasibətlərinin normal məcraya yönləndirilməsinə imkan yaratdı, hətta başqalarının həsəd aparacağı əməkdaşlıq müstəvisinə çəkdi. Keçilən yolun nəticəsi isə hazırkı mənzərədir. Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana gəlir və Azərbaycan Prezidenti məhz Türkmənistan tərəfinin xahişi ilə qardaş ölkəyə səfər edir və iki dövlət arasında 21 sənəd imzalanır. Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı təkcə iki dövlət arasındakı əlaqələrin inkişafı baxımından önəmli deyil, bu, həmçinin türkdilli ölkələrin münasibətlərinin yeni bir mərhələyə daşınması baxımından da müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə yenə də birləşdiricilik missiyasını yerinə yetirir, mənəvi körpü missiyasını həyata keçirir. Bu, şərəfli olduğu qədər də tarixi bir missiyadır.