ELM VƏ TƏHSİL
Elektron demoqrafiya sistemlərində toplanmış böyük verilənlərin intellektual analizi məsələləri araşdırılıb
Bakı, 7 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron-demoqrafiya sistemlərində toplanmış böyük verilənlərin intellektual analizi məsələləri araşdırılıb.
Bu barədə institutun növbəti iclasında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova rəhbərlik etdiyi şöbənin cari ilin altı ayı ərzində elmi-tədqiqat və elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin dərci, keçirilmiş elmi seminar və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib. Bildirib ki, hesabat dövründə tədqiqatlar informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Big Data analitikası problemləri” üzrə aparılıb.
M.Hacırəhimova “E-demoqrafiya sistemlərində toplanmış böyük verilənlərin demoqrafik göstəricilər üzrə klassifikasiyası üçün model və alqoritmlərin işlənilməsi” mövzusunda tədqiqatların aparıldığını qeyd edib. Mövzu üzrə çap olunmuş məqalələr və məruzə olunmuş konfrans materiallarını nəzərə çatdırıb. O, mətn tipli böyük sosial media məlumatlarının sentiment analizi üçün maşın təlim modelinin işləndiyini, kompüter şəbəkə axın verilənlərində anomaliyaların (DoS hücumların) aşkarlanması üçün ansambl təlim modelinin işləndiyini və data setlər üzərində eksperimentlərin aparıldığını bildirib, bu mövzular üzrə nəşrlər barədə məlumat verib.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev bir sıra təklif və tövsiyələrini səsləndirib, şöbədə aparılan elmi-tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğulayıb.