“Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi və insan hüquqları
Bakı, 3 iyun, AZƏRTAC
Son illər ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi istiqamətində hökumət tərəfindən vacib addımlar atılır. Bunu yalnız milli qanunvericilik aktlarının təkmilləşdirilməsində deyil, təcrübədə də müşahidə edə bilərik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 1-də “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin qəbul edilməsi ilə bağlı Fərmanı islahatların davam etdirilməsini təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
O bildirib ki, ölkəmizdə pandemiyanın təsirini azaltmaq məqsədilə dövlətimizin başçısının müvafiq qərarlarına əsasən vətəndaşlar üçün müasir, çevik, növbəli struktur və qanunvericilik islahatları aparılır. Beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin və Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə əsasən, bir çox ölkələrlə müqayisədə pandemiya ilə mübarizədə Azərbaycanda preventiv mexanizmlər daha tez qəbul edilib və səmərəli həyata keçirilib. Bu siyasət insan hüquq və azadlıqlarının müdafiəsinə də birbaşa təsir göstərir. “Elektron məhkəmə” sisteminin yaradılması və təkmilləşdirilməsi insan hüquq və azadlıqlarının qorunmasında yeni və mütərəqqi addımlardan biridir. “Elektron məhkəmə” sisteminin tətbiqi uşaq və qadın hüquqlarının müdafiəsinə, alimentlərin ödənilməsinə, qanunvericilikdə müəyyənləşdirilmiş müddətdə məhkəmə işlərinin operativ baxılmasına, məhkəmə qərarlarının icrasına müsbət təsir göstərir.
Bu sistemə əsasən, onlayn təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, elektron sənəd dövriyyəsinin bütün ədliyyə sistemində yaradılması, məlumat və arxiv sisteminin elektronlaşdırılması vətəndaşların məhkəmələrə olan müraciətlərini asanlaşdırır. “Elektron məhkəmə” sistemi yeni nəsil insan hüquq və azadlıqlarının formalaşmasına təsir edir. Yeni nəsil insan hüquqlarında isə elektron formada yerləşdirilən şəxsi məlumatların konfidensiallığının qorunması hüququ, onlayn şəkildə video və audio müraciətlərin edilməsi və qəbulu, məhkəmə qərarların icrasında şəxsi kabinet vasitəsilə məlumtlandırma və sair qeyd etmək olar.
Azərbaycan isə bu islahatlarda ən yaxşı təcrübələrə malik ölkələrin siyahısına daxil olub. Pandemiya zamanı “Elektron məhkəmə” sistemi vətəndaşların müraciətlərinə baxılmasında, məhkəmə icraatının aparılmasında və yeni müasir sistemin tətbiqində vətəndaşların şəxsi təhlükəsizliyinin, sağlamlığının və maraqlarının qorunmasına dəstək olur.
Beləliklə, 2020-ci ildə “Elektron hökumət” sisteminin təkmilləşdirilməsi BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında Azərbaycanın beynəlxalq səviyyədə yaxşı təcrübəsini formalaşdırıb. Yuxarıda sadalanan tədbirlər isə vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, iqtisadiyyatın inkişafına, sosial problemlərin aradan qaldırılmasına, ailələrin möhkəmləndirilməsinə birbaşa təsir göstərir.