ƏLİABBAS QULU OĞLU QƏDİROV
Əliabbas Qədirov 1946-cı il fevralın 15-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra aktyorluğa olan marağı onu Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirmişdir. O, 1965-1969-cu illərdə institutun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır. Səhnə fəaliyyətinə institutun tədris teatrında başlayan Əliabbas Qədirov 1970-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilmiş və taleyini ömrünün sonuna qədər bu sənət ocağı ilə bağlamışdır. Onun bu səhnədə yaratdığı müxtəlif obrazlar teatr sənəti tariximizə əbədi daxil olmuşdur.
Aktyorluq sənətinin vurğunu olan Əliabbas Qədirov teatr aləminə qədəm qoyduğu gündən istedadlı aktyor kimi parlamış, gözəl ifa tərzi, yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapmışdır. O, milli teatr sənətimizin zəngin ənənələrinə sadiq qalaraq yaratdığı bir-birindən maraqlı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanmışdır. Onun klassik və müasir Azərbaycan ədəbiyyatına, milli və dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar müasirlərimizin yaddaşına həkk olunmuşdur. Təbiiliyi və inandırıcılığı ilə seçilən bu rollar aktyorun sənətin incəliklərinə dərindən bələd olduğunu nümayiş etdirmişdir. Əliabbas Qədirovun kino sənətinin imkanlarından istifadə edərək, ekranda ustalıqla canlandırdığı rəngarəng surətlər Azərbaycan kinosunun unudulmaz səhifələrindəndir.
Əliabbas Qədirov mahir sənətkar olmaqla yanaşı, həm də özünün təşkilatçılıq bacarığı ilə seçilirdi. O, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri vəzifəsində uğurla çalışaraq, Azərbaycanın parlaq teatr ənənələrinin ləyaqətlə davam və inkişaf etdirilməsi üçün qüvvəsini əsirgəməmişdir. Onun səmərəli pedaqoji fəaliyyəti nəticəsində neçə-neçə istedadlı gənc aktyorluğun sirlərinə yiyələnərək sənət aləmində tanınmışdır.
Əliabbas Qədirovun milli teatr və kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, müxtəlif illərdə dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış sənətkar, qayğıkeş və təvazökar insan olan Əliabbas Qədirovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Nizami Xudiyev
Anar Rzayev
Azər Paşa Neymətov
Rüstəm İbrahimbəyov
Mərahim Fərzəlibəyov
Siyavuş Aslan
Yaşar Nuri
Bəsti Cəfərova
Ramiz Məlikov
Mərhumun cənazəsi vidalaşmaq üçün 2006-cı il martın 9-da saat
13.00-dan 15.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında (Füzuli meydanı, 1) qoyulacaqdır.