Elmdə qadınların rolu - konfrans
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin ilk və yeganə qadın rektoru olmuş Bilqeyis Həşimzadənin xatirəsinə həsr edilən “Elmdə qadınların rolu” mövzusunda konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov Bilqeyis Həşimzadənin həyat yoluna qısa nəzər salıb.
Professor Ədalət Muradov UNEC-in xanım əməkdaşlarının universitetə qazandırdıqları töhfələrdən də söz açıb. Hazırda UNEC əməkdaşlarının 67 faizinin, elmi dərəcəyə malik olanların isə 51,6 faizinin qadınlardan ibarət olduğunu bildirib. O, UNEC-in elmi fəaliyyətində, idarəetməsində xanım əməkdaşların aparıcı rola malik olduqlarını diqqətə çatdırıb.
Sonra Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva Bilqeyis Həşimzadənin həyat yolundan bəhs edib. Onun universitetə verdiyi töhfələr, elmin və təhsilin inkişafı istiqamətindəki xidmətləri barədə maraqlı təqdimatla çıxış edib.
Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova ölkəmizin sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərdən söz açıb. O, qadınların hər bir sahədə böyük uğurlara imza atdıqlarını, ölkəmizin yüksəlişinə və inkişafına mühüm töhfələr verdiklərini deyib.
E.Qasımova UNEC-də çalışan qadınların elmi uğurlarından da danışıb. Universitetdə çalışan əməkdaşların böyük əksəriyyətini məhz qadınların təşkil etdiyini, onların bir çoxunun elm və təhsil sahəsindəki fəaliyyətlərinə görə dövlət tərəfindən yüksək mükafatlarla təltif olunduqlarını diqqətə çatdırıb.
Sonra Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva rəhbərlik etdiyi Xanım Tədqiqatçılar Şurasının fəaliyyəti haqqında geniş təqdimatla çıxış edib. O, dünyanın müxtəlif ölkələrindən olan tanınmış qadın alimlərin şuranın üzvü olduqlarını və nüfuzlu beynəlxalq konfranslarda elmi məqalələrlə çıxış etdiklərini bildirib.