ELMİ TƏDQİQAT İNSTİTUTU DÖVLƏT NEFT STRATEGİYASININ HƏYATA KEÇİRİLMƏSİNƏ ÖZ TÖHFƏSİNİ VERİR
“Dənizneftqazlayihə” Dövlət Elmi Tədqiqat Layihə İnstitutunda bu ilin ötən altı ayında layihə işlərinin idarə olunması və işlənməsinin müasir üsullarla mənimsənilməsi proqramı hazırlanmışdır. Layihə işlərinin bütün istiqamətlərində müasir lisenziyalaşdırılmış proqram vasitələrinin seçimi, alınması və treninqləri üzrə fəal iş aparılır. Belə ki, institut tərəfindən boru kəmərlərinin çəkilişi üzrə “AutoPipe”, dərin dəniz özüllərinin daşınması və yenidən qurulmasının hesablanması üçün “Strudl”, quyuların layihələndirilməsi və tikintisi üzrə “Şlumberqe” proqramları alınmış, treninqlər aparılmışdır. Bundan əlavə, mülki tikinti, mühəndis geologiyası və neft emalı üzrə kompleks proqramların alınması məqsədi ilə sazişlər bağlanmış və yaxın gələcəkdə bununla əlaqədar məşğələlər nəzərdə tutulmuşdur.
Hazırda xarici bazara çıxmaq üçün Rusiya, Qazaxıstan, Türkiyə, İran və İordaniya ilə əməkdaşlıq üzrə danışıqlar aparılır.
İnstitutun maddi-texniki bazası da getdikcə möhkəmləndirilir. Tikintisi ilin sonuna qədər başa çatdırılacaq laboratoriya korpusunun beynəlxalq standartlara cavab verməsi və müasir texniki vasitələrlə təmin olunması məqsədi ilə yeni cihazlar alınır. İndi institutun qarşısında duran mühüm vəzifələrdən biri İSO 9001:2000 beynəlxalq sertifikatına yiyələnməkdir. Artıq bu məqsədlə adı çəkilən beynəlxalq standartın tələblərinə uyğun olaraq, keyfiyyəti idarəetmə sisteminin işlənməsinə başlanmışdır. Bu işlərin keyfiyyətlə aparılması üçün institut bütün lazımi texniki vasitələrlə təmin olunub.