Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “İctimai Şura” yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “İctimai Şura” yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, “İctimai Şura”da ƏƏSMN, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı və özündə 600-dən çox vətəndaş cəmiyyəti institutunu birləşdirən Qeyri-Hökumət Təşkilatları Milli Forumu təmsil olunmuşlar.
“İctimai Şura” 4 işçi qrupdan ibarət olacaqdır: dövlət sosial yardımları; dövlət sosial xidmətləri; əlilliyin müəyyən olunması, əlilliyi olan insanların tibbi-sosial reabilitasiyası; işsiz və işaxtaran vətəndaşlar üçün sosial müdafiə tədbirləri.
Səslənən təklif və tövsiyələr nəzərə alınmaqla “İctimai Şura”nın nizamnaməsi və fəaliyyət istiqamətlərinin hazırlanması barədə qərar qəbul edilmişdir.
Növbəti ildən tətbiq edilməsi nəzərdə tutulan Özünədəstək Sosial Yardım Proqramı haqqında geniş məlumat verilmiş, proqramda iştirak edəcək ailələrin seçilməsi üçün nazirlik, vətəndaş cəmiyyəti institutları və ictimai təşkilatların nümayəndələrinin birgə fəaliyyəti üçün razılıq əldə olunmuşdur.