Əməkdar artist Afaq Abbasova İtaliyada Puççiniyə həsr olunan konsertdə çıxış edib
Roma, 13 noyabr, AZƏRTAC
Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyanın Lukka şəhərində konsertdə çıxış edib.
AZƏRTAC xəbər verir ki, dünyaşöhrətli bəstəkar Cakomo Puççininin vəfatının 100 illiyinə həsr olunan ənənəvi konsertdə Afaq Abbasova italiyalı və macar musiqiçilərlə eyni səhnəni bölüşüb. Əməkdar artist konsert proqramında bəstəkarın əsərlərini səsləndirib.
Konsertlə bağlı təəssüratlarını bölüşən Afaq Abbasova çıxışından və məşhur ifaçılarla eyni səhnədə olmaqdan məmnunluğunu ifadə edib. Afaq Abbasova ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Afaq Abbasova davamlı olaraq İtaliyada müxtəlif konsertlərdə və tamaşalarda çıxış edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma