İDMAN
Emil Əliyev: Gənclər yığmasında çox perspektivli ağırlıqqaldıranlar var

Bakı, 28 dekabr, AZƏRTAC
“Rəhbərliyin qərarına hörmətlə yanaşıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ağırlıqqaldırma üzrə gənclərdən ibarət yığmaya böyük məşqçi təyin olunan Emil Əliyev deyib.
Bunadək əsas millinin sükanı arxasında olan təcrübəli çalışdırıcı yaxşı nəticələr qazandığını bildirib: “Federasiya bu idman növünün inkişafı üçün yeni layihə hazırlayıb. Məsləhət görüldü ki, mən də gənclərdən ibarət yığmanın böyük məşqçisi olum”.
E.Əliyev əsas millidə onu əvəzləyən rusiyalı Maxtı Makkayevin güclü mütəxəssis olduğunu söyləyib: “Rusiya millisində çalışıb və ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. M.Makkayevin tələbələri dünya, Avropa çempionatları, Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar. Bir ildən çoxdur Azərbaycanda işləyir və burada uğurlu nəticələr qazanıb”.
O, yeni komandası ilə yanvarın 5-də təlim-məşq toplanışına start verəcəklərini vurğulayıb: “Bilirsiniz ki, mən əsas millinin baş məşqçisi olanda yeniyetmə, gənclər və qadın komandalarına da nəzarət edirdim. Demək olar ki, idmançıların hər birini tanıyıram. Çox perspektivli uşaqlar var. Bunlardan Nurlan Məmmədzadəni və Ravin Alməmmədovu qeyd edə bilərəm. Onlardan gələcək yarışlarda yaxşı nəticə gözləyirəm”.