REGİONLAR
Enes Eminoğlu: Düşərgənin Naxçıvanda keçirilməsi Türkiyə gəncləri tərəfindən böyük rəğbətlə qarşılandı
Naxçıvan, 28 iyul, AZƏRTAC
Ötən ay Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olmuşduq. Həmin vaxt Qarabağa, Şuşaya getdik. Təxminən, bir ay sonra yenə qardaş ölkədəyik. Türkiyə Gənclik Vəqfi kimi budəfəki səfərin hər iki qardaş ölkəni daha da yaxınlaşdıran, strateji ərazi sayılan Naxçıvan Muxtar Respublikasına olması, burada “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin təşkili olduqca önəmlidir.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Türkiyə Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu deyib.
Bildirib ki, düşərgəyə 100 gənc Türkiyədən, 55-i Azərbaycanın digər bölgələrindən, 50-si isə muxtar respublikadan qatılıb. Beş gün müddətində gənclər tarix, mədəniyyət, idman və digər sahələri əhatə edəcək tədbirlərə qoşulacaq, müxtəlif səpkili proqramlar, konsertlər həyata keçiriləcək. Zəfər Düşərgəsi Azərbaycan və Türkiyə gəncləri arasında sarsılmaz qardaşlığı daha da möhkəmləndirəcək, hər iki qardaş ölkənin gənclərinin daha da yaxınlaşmasına, gələcək fəaliyyət perspektivlərini müəyyənləşdirmələrinə imkan yaradacaq.
“Düşərgənin Naxçıvanda keçirilməsi Türkiyə gəncləri tərəfindən böyük rəğbətlə qarşılandı. Ümumiyyətlə, Türkiyə gəncliyi həm Azərbaycanı, həm də onun Naxçıvan Muxtar Respublikasını çox sevir. Həm məsafə baxımından, həm də digər özünəməxsus xüsusiyyətləri ilə muxtar respublikanın tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi çox təqdirəlayiq addımdır. Gələcəkdə belə layihələrin sayı daha da artacaq”, - deyən Enes Eminoğlu qeyd edib ki, yaxın zamanlarda düşərgəni Azərbaycanın işğaldan azad edilmiş, Qarabağın ürəyi sayılan Şuşa şəhərində gerçəkləşdirməyi planlaşdırırıq. İnanırıq ki, birgə səylərimiz nəticəsində nəzərdə tutduğumuz hədəflərə çatacağıq.