Ənvər Abbasov: Dilimizin qorunması milli kimliyin möhkəmlənməsinə xidmət edir
Bakı, 15 yanvar, AZƏRTAC
Ana dili hər bir xalqın milli kimliyinin əsas daşıyıcısı və qoruyucusudur. Millətin tarixi yaddaşı, mənəvi dəyərləri, dünyagörüşü və düşüncə tərzi məhz ana dili vasitəsilə nəsildən-nəslə ötürülür. Tarixin müxtəlif mərhələlərində dilimiz təzyiqlərlə üzləşsə də, xalq onu qoruyub saxlamış, öz milli varlığının əsas dayağı kimi yaşatmışdır. Qloballaşma isə müasir dünyanın ayrılmaz hissəsidir və bu proses müxtəlif sahələrdə olduğu kimi, dil mühitinə də ciddi təsir göstərir. İnformasiya texnologiyalarının sürətli inkişafı, kütləvi informasiya vasitələrinin genişlənməsi, xarici dillərin təsir dairəsinin artması ana dilimizin saflığı üçün müəyyən təhlükələr yaradır. Bu təhlükələr xüsusilə leksik sahədə özünü daha qabarıq şəkildə göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Slavyan Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasov deyib.
O bildirib ki, qloballaşma dövründə Azərbaycan dili, əsasən, yad sözlərin nəzarətsiz şəkildə dilə daxil olması ilə üz-üzədir. Texnologiya, biznes, sosial şəbəkələr və gündəlik ünsiyyət vasitəsilə xarici mənşəli sözlər tez-tez işlədilir və bir çox hallarda onların Azərbaycan dilində qarşılığı olduğu halda belə, yad sözlərə üstünlük verilir. Bu isə dilin daxili qanunauyğunluqlarını pozur, onun milli ruhunu zəiflədir.
“Qloballaşma şəraitində əsas təhlükə ondan ibarətdir ki, yad sözlərin həddindən artıq istifadəsi dilin özünəməxsusluğunu arxa plana keçirir. Nəticədə gənc nəsil ana dilinin zəngin imkanlarından yetərincə istifadə etmir. Bu isə uzunmüddətli perspektivdə milli kimliyin zəifləməsi riskini yaradır. Ona görə də qloballaşmanın gətirdiyi yeniliklərdən faydalanmaqla yanaşı, ana dilimizin saflığının qorunması, onun milli əsaslar üzərində inkişaf etdirilməsi mühüm vəzifə olaraq qalır”, - deyə Ənvər Abbasov deyib.