Ər-Riyadda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Qahirə, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində tədbir təşkil olunub. Tədbirdə Səudiyyə Ərəbistanında yaşayan həmvətənlərimiz və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə istinadla xəbər verir ki, açılış nitqi ilə çıxış edən ölkəmizin səfiri Şahin Abdullayev Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb. O, Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci mərhələsindən söz açaraq bildirib ki, hələ sovetlər dövründə Ulu Öndər respublikamızın gələcək müstəqilliyi yolunda mühüm addımlar ataraq, bugünkü müstəqilliyimizin ilkin təməllərini yaradıb. Səfir Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi, ölkənin hərtərəfli inkişafı üçün atdığı mühüm addımlar, bütün fəaliyyəti dövründə azərbaycançılıq ideologiyasına xidməti barədə geniş məlumat verib.
Ş.Abdullayev Heydər Əliyev siyasi kursunun hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində və ötən il Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, 30 ildən çox müddətdə düşmən işğalı altında qalan torpaqlarımızın əbədi azadlığına qovuşduğunu qeyd edib.
Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ustalıqla yürütdüyü xarici siyasət kursundan bəhs edərək, ölkə başçısının Azərbaycanın regional və qlobal müstəvidə mövqelərinin möhkəmləndirilməsi, tərəfdaş və müttəfiqlərinin sayının artırılması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuzlu və ciddi təsir imkanlarına malik önəmli aktorlarından birinə çevrilməsi istiqamətində həyata keçirdiyi və yalnız milli maraqlara söykənən xarici siyasət kursunun azərbaycanlılar üçün qürur mənbəyi olduğunu vurğulayıb. Çıxışının sonunda Ş.Abdullayev Ulu Öndərin qoyduğu irsin və Azərbaycanın tərəqqisi yolunda müəyyənləşdirdiyi strategiyanın davam edəcəyinə əminliyini ifadə edib.
Daha sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən “Sevən və sevilən” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə