Ərəb ölkələri mətbuatı Ermənistanın cəbhə xəttində təxribatlarından yazıb
Bakı, 3 avqust (AZƏRTAC). Ərəb ölkələri mətbuatı Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etməsi və bu hücumlar nəticəsində hərbçilərimizin həlak olması ilə bağlı xəbərlər yayıblar.
AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının mətbu orqanı olan Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) saytında hərbçilərimizin şəhid olması, Türkiyə XİN başçısının bu barədə başsağlığı verməsi, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin təmas xətti üzərində ardıcıl uçuşlar həyata keçirməsi barədə xəbərlər yerləşdirilib.
Küveytin KUNA xəbər agentliyi də hərbçilərimizin həlak olması ilə bağlı yaydığı xəbərdə hadisənin təcavüzkar Ermənistan ordusunun basqınının qarşısı alınarkən baş verdiyini qeyd edib.
Misirin “Muhit” xəbər portalı da cəbhə xəttində baş verən son hadisələri, atəşkəsin tez-tez pozulmasını və Azərbaycan Xarici İşlər Nazirliyinin hadisələrin bu məcraya yönəlməsində Ermənistanı ittiham etdiyi bəyanatını işıqlandırıb. Portal Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salıb, problemin keçmiş SSRİ-nin süqutu ərəfəsində yenidən ortaya çıxmasının səbəblərinə aydınlıq gətirib, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyini qeyd edib.