Erməni daşnakları və erməni millətçiləri tarix qarşısında cavab verməlidirlər
Şamaxı, 1 aprel, AZƏRTAC
“Böyük Ermənistan” xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə-yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi, siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmağa, özlərinin avantürist torpaq iddialarını pərdələməyə çalışıblar.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 31-də Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında 31 Mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “dəyirmi masa”da filialın direktoru Tünzalə Yusifova səsləndirib. O qeyd edib ki, Birinci Dünya müharibəsi zamanı yaranmış vəziyyətdən, Rusiyada baş verən 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanıb. Erməni daşnakları özlərinin lideri və türk dünyasının qatı düşməni olan Stepan Şaumyanın fitvası və rəhbərliyi ilə 1918-ci ilin martında təkcə Bakı şəhərində və şəhərətrafı kəndlərdə 30 min azərbaycanlını qətlə yetiriblər.
Çıxışlarda bildirilib ki, erməni cəlladlarının vəhşilikləri onların yalnız Bakıda törətdikləri qanlı faciə ilə bitməyib. S.Şaumyanın əmri ilə qatı daşnak T.Amirov və türklərin qanına susamış S.Lalayanın başçılığı ilə erməni daşnak-bolşevik ordusu iki min nəfərlik qüvvə ilə guya əksinqilaba qarşı mübarizə aparmaq üçün Şamaxıya hücum ediblər. Şamaxı əhalisinə qanlı divan tutan ermənilər Şamaxı şəhərində və kəndlərdə 16 mindən artıq günahsız azərbaycanlını öldürüblər. Şamaxı qəzasının 72 kəndi daşnak-bolşevik hərbi birləşmələri tərəfindən dağıdılaraq yandırılıb. Şamaxının sağ qalan azərbaycanlı əhalisi baş götürüb qaçmağa məcbur olub.
Mayın 1-də quldur daşnak zabiti Hamazaspın başçılığı ilə yalnız ermənilərdən ibarət olan böyük hərbi dəstə Qubanı mühasirəyə alaraq şəhəri toplardan və digər silahlardan atəşə tutublar. Hamazaspı “cəza dəstəsi” ilə Qubaya şəxsən S.Şaumyan göndərib və bu barədə o, digər komissarlarla heç məsləhətləşməyib də. Bu dəstəni təşkil edən isə hərbi komissar erməni Qriqori Korqanov olub. Hamazaspın dəstəsi Quba qəzasının 162 kəndini yandırıb, 16 mindən çox insanı qətlə yetirib.
Erməni quldurları Hacıqabul, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da dəhşətli faciələr törədiblər. Bakı quberniyasında azərbaycanlıların soyqırımı 1918-ci il sentyabr ayının ortalarınadək, yəni Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edildiyi dövrə qədər davam edib. Erməni millətçilərinin törətdikləri türk-müsəlman soyqırımı zamanı 50 mindən çox azərbaycanlı öldürülüb, on minlərlə dinc əhali öz doğma yurdlarından didərgin salınıb. Erməni cəlladları bütün Cənubi Qafqaz ərazisində, harada ki, azərbaycanlılar yaşayırdı, həmin bölgələrdə kütləvi qırğınlar törədib, on minlərlə dinc müsəlmanı qətlə yetiriblər. Bakı quberniyasında 229 kənd, Gəncə quberniyasında 272 kənd, İrəvan quberniyasında 211 kənd, Zəngəzur qəzasında 115 kənd, Qarabağda 150 kənd, Quba qəzasında 162 kənd, Şamaxı qəzasında 86 kənd, Vedibasar mahalında 118 kənd, Zəngibasar mahalında 48 kənd, Dərələyəzdə 74 kənd, Şərurda 4 kənd dağıdılıb və yandırılıb.
Qeyd olunub ki, XX əsrin əvvəllərində olduğu kimi, əsrin sonunda da erməni millətçiləri işğalçılıq siyasətini davam etdirərək torpaqlarımızı zəbt edib, azərbaycanlı əhalini doğma evlərindən, yurd-yuvasından didərgin salıb. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan həqiqətlər açılıb, təhrif edilən hadisələr özünün əsl qiymətini alıb. Ulu öndər Heydər Əliyev ilk dəfə olaraq ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi milli qırğına siyasi qiymət verib, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunub.
Sonda bildirilib ki, 1918-ci ildə azərbaycanlıların soyqırımının təşkilatçıları olan erməni daşnakları və erməni millətçiləri tarix qarşısında cavab verməlidirlər. Prezident İlham Əliyevin sözləri ilə desək, biz yalnız tarixi ədalətin bərpa edilməsini, işğal və soyqırımı siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. O zaman tarixi həqiqət və Azərbaycan həqiqətləri qalib gələr.