Ermənilər gec-tez öz layiqli cəzalarına çatacaqlar
Zərdab, 1 aprel, AZƏRTAC
Zərdab şəhərindəki Şəhidlərin xatirə parkında 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən mərasim keçirilib.
Mərasimdə çıxış edənlər XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilərin soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran edərək insanları soyqırımına məruz qoyuqlarını diqqətə çatdırıblar. Bildirilib ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının törədilməsi ilə nəticələnib. Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlanıb. XX əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, eləcə də Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün həyata keçrilən bəşəri cinayətlərdir.
Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılıb, bilərəkdən təhrif edilən faktlar əsl qiymətini alıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edilib. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.
Müasir Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızın erməni işğalından azad olunması üçün böyük işlər görür.
Diqqətə çatdırılıb ki, xalqımızın başına gətirilən müsibətlərin beynəlxalq aləmdə həqiqi qiymətini alması istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətləri vardır.
Çıxışlarda haqq işinin gec-tez qalib gələcəyi, ermənilərin öz layiqli cəzalarına çatacaqları, Azərbaycan torpaqlarının azad ediləcəyi söylənilib.
Mərasimdə iştirak edən əmək kollektivlərinin nümayəndələri, rayon fəalları, ağsaqqalar və gənclər Heydər Əliyev Mərkəzinə gələrək burada soyqırımına həsr olunan videoçarxa, rəsmlərə, kitab sərgisinə baxıblar.
Həmin gün rayon gənclərinin və YAP fəallarının bir qrupu Qubadakı kütləvi məzarlığı ziyarət etməyə yola düşüb.