Ermənilərin atəşkəsi pozması nəticəsində ATV-nin əməkdaşı yaralanıb VİDEO
Bakı, 26 aprel, AZƏRTAC
Xəbər verildiyi kimi, aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
AZƏRTAC xəbər verir ki, həmin vaxtı ərazidə çəkiliş aparan ATV-nin Qarabağ bürosunun əməkdaşlarının yanına düşmənin atdığı mərmi düşüb. Mərminin qopardığı qaya parçası operator Vicay Vəliyevin ayağını yaralayıb. Büronun avtomobilini isə çətinliklə olsa da atəş altından çıxarmaq mümkün olub.
Qeyd edək ki, düşmənin Tərtəri atəşə tutması nəticəsində rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralanan yoxdur.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin yalnız hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.