ERMƏNİLƏRİN NÖVBƏTİ ŞAYİƏSİ, YOXSA MƏKİRLİ GEDİŞ?
Berlin, 11 avqust (AZƏRTAC). Xəbər verildiyi kimi, sentyabrın 4-də Bakıda, Heydər Əliyev Sarayında SSRİ xalq artisti Alla Puqaçovanın konserti olacaqdır. Rusiyalı primadonnanın konsertinə biletlərin satışı avqustun 10-da başlanmışdır.
Bu xəbərlə eyni vaxtda Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən “Armenia Today” agentliyinin saytında yayılan bir məlumat Azərbaycan ictimaiyyətini və Alla Borisovnanın yaradıcılığının pərəstişkarlarını narahat etmişdir. Həmin məlumatda bildirilir ki, Levon Ayrapetyan adlı bir mesenat Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda “böyük kollektiv xaçaçuran” təşkil etmək niyyətindədir. Bu tədbiri Rusiya estradasının ulduzu Alla Puqaçovanın Xankəndinə gəlişi ilə eyni vaxtda keçirmək nəzərdə tutulur. Ayrapetyan xaçaçuranın məhz nə vaxt keçiriləcəyi barədə sualın cavabında bildirmişdir ki, tədbirin konkret tarixi hələ məlum deyil, hər şey Puqaçovadan asılıdır, lakin çox güman ki, xaçaçuran sentyabr ayında keçiriləcəkdir.
Levon Ayrapetyan öz ideyasını açıqlayaraq demişdir: “Xaçaçuran mərasiminin bütün qaydalarına riayət edilməklə körpələrin xaç suyuna salınmasına bütün ermənilərin katolikosunu dəvət etmək istəyirəm. Bundan sonra isə Alla Puqaçova konsert verəcəkdir”.
İndi bir məsələni aydınlaşdırmaq qalır: erməni agentliyinin bu məlumatı Puqaçovanın Bakıdakı konsertini pozmağa yönəlmiş növbəti hiylədir, yoxsa müğənninin həqiqi planlarını əks etdirən etibarlı informasiya? Əgər belədirsə, aydındır ki, primadonna özünün Bakı qastrolu başa çatana qədər bu planlarını bölüşmək istəməmişdir. Primadonna bunu bilməyə bilməz ki, xarici ölkələrin mədəniyyət xadimlərinin rəsmi Bakının razılığı olmadan bu separatçı regiona səfərləri və oradakı çıxışları həmin şəxslərin Katya Lel, Nadejda Babkina, Soso Pavliaşvili, Valentina Leqkostupova, Aleksandr Peskov, İrina Otiyeva, “Çay vdvoyom” qrupunun artistləri və bəzi başqaları kimi Azərbaycanda “persona non qrata” elan edilməsi ilə nəticələnə bilər.
Azərbaycan ictimaiyyəti haqlı olaraq, rusiyalı müğənninin niyyətləri barədə onun Bakıdakı çıxışlarına qədər məlumat almaq istəyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin