ERMƏNİSTAN PREZİDENTİNİN NÖVBƏTİ RİYAKARLIĞI
Berlin, 11 aprel (AZƏRTAC). Ermənistan Prezidenti Serj Sarkisyan aprelin 10-da növbəti riyakar bəyanat vermişdir. PanARMENIAN.Net agentliyi xəbər verir ki, S.Sarkisyan jurnalistlər qarşısında çıxışında bildirmişdir ki, ölkəsinin guya “Azərbaycana qarşı ərazi iddiası yoxdur”. Onun sözlərinə görə, “Dağlıq Qarabağ problemi sırf millətin öz müqəddəratını təyin etmək müstəvisində yerləşir və onu məhz bu prinsipdən çıxış edərək, nizama salmaq lazımdır”.
Ölkəsinin Azərbaycana qarşı ərazi iddiasının olmadığını dilə gətirən Ermənistan Prezidenti yalan danışır. Ermənistanın bütün qonşularının ərazilərinə bu və ya digər dərəcədə iddiaları vardır və “Erməni xalqının tarixi” dərsliyində yer almış mifik “Dənizdən dənizə böyük Ermənistan” xəritəsinə görə, onun hətta həmsərhəd olmayan Suriyanın şərq bölgələrinə və Rusiyanın Krasnodar vilayətinin bir hissəsinə də iddiaları vardır. Azərbaycana qarşı ərazi iddialarını belə bir fakt da sübut edir ki, Ermənistan parlamenti keçmiş Azərbaycan SSR-in tərkib hissəsi olan DQMV-nin birləşdirilməsi barədə Konstitusiyaya zidd qərarını hələ də ləğv etməmişdir. Sarkisyanın “Azərbaycanın Dağlıq Qarabağı tanıyacağı və onun ya müstəqil dövlət, yaxud da Ermənistanın tərkib hissəsi olacağı gün mənim üçün ən xoşbəxt gün olacaqdır” sözləri də mövcud ərazi iddialarına daha bir sübutdur. Azərbaycana qarşı ərazi iddiaları olmayan dövlət DQMV-nin birləşdirilməsi barədə qanunsuz qərarı dərhal ləğv edərdi və onun prezidenti başqa dövlətin ərazisinin bir hissəsini öz ölkəsinin tərkibində görmək arzusunu dünyaya bəyan etməzdi. Bu dövlət qonşu dövlətin ərazisində işğalçı qoşunlar saxlamaz və başqa dövlətin ərazisinin illik iqtisadi inkişaf proqramını öz büdcəsinə daxil etməzdi. Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdursa, onda onun qoşunları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini nə üçün işğaldan azad etmir? Onun valyutası işğal altında saxladığı Azərbaycan ərazisində nə edir və nə üçün vilayətin sakinləri xarici ölkələrə Ermənistan pasportu ilə gedirlər?
Sarkisyanın “Dağlıq Qarabağ problemi millətin öz müqəddəratını təyin etmək hüququ müstəvisindədir” sözləri də riyakar bəyanatdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sırf qonşu ölkənin ərazisini işğal etmək məqsədi daşıyır və ötən əsrin 80-ci illərinin axırında məhz bu niyyətlə başlanmışdır. “Millətin öz müqəddəratını təyin etmək” tezisi “miatsum” ideoloqlarının dadına sonradan çatmışdı. “Krunkçulara” açıq-aşkar ərazi iddialarını millətin öz müqəddəratını təyin etməsi kimi daha cəlbedici tezislə əvəzləməyi onların Leninqraddakı və Moskvadakı məsləhətçiləri Q.Starovoytova və Y.Əlixanyan-Bonner və bu iki “xanım” tərəfindən aldadılmış akademik A.Saxarov tövsiyə etmişdilər. “Millətin öz müqəddəratını təyin etmək hüququ” tezisinin ortaya çıxması Ermənistanın ərazi ekspansiyası tərəfdarlarının öz həqiqi və son məqsədlərini - Azərbaycan ərazisinin bir hissəsinin zorla ələ keçirilməsini ört-basdır etmək üçün bir pərdədir. Sarkisyanın özü bunu çox yaxşı bilir. Ona görə günahsız mələk donuna girməyə ehtiyac yoxdur.
Yeri gəlmişkən, bu il martın 5-də AZƏRTAC-ın saytında yerləşdirilmiş “Miatsum: düyünə düşmüş təkamül” məqaləsi də həmin məsələyə həsr edilmişdi. Ermənistanın Dağlıq Qarabağ məsələsinə öz müqəddəratını daxildə təyin etmək çərçivəsində baxmaqdan imtina etməsi də S.Sarkisyanın riyakarlığına sübutdur. Bu imtina münaqişənin ərazi mahiyyəti daşıdığını və erməni siyasi elitasının həqiqi niyyətlərini faş edir. Əgər kimsə Ermənistanın tərkibində yaşamağa tələsirsə, sevimli ölkəsinə köç edib orada yeni həyata başlamasına heç kəs qadağa qoymur. Lakin əgər doğma yerləri tərk etmək istəyi yoxdursa, deməli, müəyyən səylər göstərib sevimli olmasa da, hər halda doğma dövlətin tərkibində yaşamağı öyrənmək lazımdır. Çünki başqa ölkəyə köçmək, üstəlik, torpağı da özü ilə götürmək imkanı hələ heç kəsə verilməmişdir. Belə olmasaydı, Ermənistanın Azərbaycan millətindən olan keçmiş sakinləri bütün Zəngəzuru, Şərqi Göyçəni, Zəngibasarı və Vedibasarı özləri ilə gətirərdilər.
S.Sarkisyan demişdir: “Biz Dağlıq Qarabağ probleminin həllini Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi ilə əlaqələndirməmişik və əlaqələndirməyə də hazırlaşmırıq”. Bəlkə də Sarkisyan rejimi bu iki məsələni bir-biri ilə əlaqələndirmir: lakin iki qardaş dövlət - Türkiyə və Azərbaycan Ermənistan-Türkiyə sərhədinin açılması məsələsini beynəlxalq hüquq və regionun digər dövlətləri ilə dinc yanaşı yaşamaq normalarına şüurlu surətdə əməl etmək zərurətinə alışması məsələsində Ermənistanın nə dərəcədə irəliləyəcəyi ilə əlaqələndirirlər və bundan sonra da məhz bununla əlaqələndirəcəklər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin