SİYASƏT
Ermənistan silahlı birləşmələri atəşkəs rejimini sutka ərzində 57 dəfə pozublar
Bakı, 10 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində ümumilikdə 57 dəfə pozulub.
Ermənistan ordusunun bölmələri avqustun 9-də və 10-da gecə Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar, Noyemberyan rayonunun Şavarşavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı, Aşağı Əskipara və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ermənilər Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Füzuli rayonunun Aşağı Veysəlli, Goranboy rayonunun Tap Qaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.