Ermənistanda biznes ilə siyasi hakimiyyətin birləşməsi dövləti zəiflətmiş, əhalini isə dilənçi vəziyyətinə salmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Ermənistanda biznes ilə siyasi hakimiyyətin birləşməsi dövləti zəiflətmiş, əhalini isə dilənçi vəziyyətinə salmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Armenia to day” saytına müsahibə verən Ermənistan parlamentinin deputatı, keçmiş baş nazir Qrant Baqramyan demişdir.
Q. Baqramyan bildirmişdir ki, bu gün Ermənistana rəhbərlik edən prezident Serj Sarkisyan və onun nazirləri hər hansı bir qərarı qəbul edərkən ilk növbədə öz biznes strukturlarının maraqlarını nəzərə alırlar. Əgər qəbul edilən qərar xalqın maraqlarını ifadə edərək, azacıq da olsa nazirlərin biznesinə toxunursa onda bu qərar qəbul edilməyəcəkdir. Fikir versək görərik ki, Ermənistanda bütün nazirlər və deputatlar biznesmenlərdir və təbiidir ki, bu adamlar ancaq öz maraqlarını güdəcəklər.
Ölkədəki sosial-iqtisadi vəziyyətə münasibətini bildirən eks baş nazir qeyd etmişdir ki, 1997-ci ildən başlayaraq gəlirli sahələr yalnız hakimiyyətin əlində cəmləşmişdir. Sahibkarlığın inkişafına imkan verilmir. Xaricdən gələn imkanlı ermənilər isə ölkəyə investisiya yatırmaq istədikdə ona elə əngəllər yaradırlar ki, o nəinki iş yeri açıb qazanc əldə edə bilmir, əksinə korrupsiyanı görərək tam müflis olmamış ölkəni tərk edir.
Əhalinin əsas gəlirini xaricdə yaşayanların öz ailələrinə göndərdikləri maliyyə yardımları təşkil edir. Son illərdə dünyada baş verən qlobal iqtisadi böhran bu yardımların da azalmasına səbəb olmuşdur. Ermənistanda əhalinin vəziyyəti hələ uzun müddət acınacaqlı olaraq qalacaqdır.