Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinin qarşısı qətiyyətlə alınmalıdır
Bakı, 31 avqust, AZƏRTAC
Ermənistan dövləti 30 ildən artıq ki, dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasətini davam etdirir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də odur ki, təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
M.Əfəndiyev bildirib ki, 27 ildən artıqdır təcavüzkar Ermənistan aparılan danışıqlarda həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək prosesi süni surətdə uzatmağa çalışır. Ermənistanda hakimiyyət dəyişsə də, bu dövlətin terrorçu mahiyyəti hələ ki, dəyişməyib. Belə ki, münaqişənin ədalətli həlli ilə əlaqədar konkret planların müzakirə olunduğu bütün vaxtlarda Ermənistan tərəfi daim siyasi və hərbi təxribatlara əl atıb.
Məsələn, biz Aprel döyüşlərini, Şuşada keçirilən qondarma “prezident seçkilərini”, dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş verən hadisələri göstərə bilərik. Bu proseslərin qarşısının alınmasında Azərbaycan öz prinsipial mövqelərindən bir addım belə geri çəkilmədi, Ermənistanın bütün həmlələrini dəf edərək onların təxribatlarına layiqli cavab verdi.
Eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident seçkiləri”ndə də Ermənistan tərəfinin saxtakar və pozucu mövqeyi bir daha isbat olunub. Bildiyimiz kimi, başda ATƏT-in Minsk qrupunun həmsədrləri olmaqla ATƏT Parlament Assambleyası, Avropa İttifaqı və Avropa Parlamenti, Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO kimi beynəlxalq təşkilatlar bu “seçkilər”dən sonra bəyanatlar verərək onları tanımadıqlarını açıq-aydın şəkildə səsləndirdilər. Bununla da dünya birliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını və dəstəklədiyini bəyan etdi. Lakin buna baxmayaraq, qeyri-rəsmi mənbələrin məlumatlarına görə, sentyabrın 2-də qondarma quruma, separatizmə başçılıq edən “prezident”in 100 günlük fəaliyyətinə dair konfransda hesabatla çıxış etməsinin nəzərdə tutulması bir daha Ermənistan tərəfinin sülh danışıqlarında destruktiv mövqe nümayiş etdirdiyinə əyani sübutdur.
Deputat diqqətə çatdırıb ki, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın münaqişə tərəflərini yenidən danışıqlar stolu arxasına dəvət etdiyi bir vaxtda Ermənistanın işğalçı rejimi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə ayrı-ayrı ərəb dövlətlərindən, əsasən də Livandan erməni qaçqınların məqsədli şəkildə yerləşdirilməsi, qeyri-qanuni məskunlaşma aparılması və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olacağını şübhə altına alır. Qeyd edək ki, bundan əvvəl də işğal altındakı ərazilərimizdə narkotik mənşəli bitkilərin qeyri-qanuni becərilməsi, emalı və tranzitinin məhz əcnəbi miqrantlar vasitəsilə həyata keçirilməsinə dair sübutlar var idi.
“Bütün bunlar yolverilməzdir və hesab edirəm ki, Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısı qətiyyətlə alınmalıdır. Bu, həm də nüfuzlu beynəlxalq təşkilatların sülh çağırışlarına maneə yaratmaq məqsədi daşıyır. Bir daha dünya birliyini münaqişənin ədalətli həlli ilə bağlı Azərbaycanın sülhsevər səylərinin dəstəklənməsi istiqamətində əməli addımlar atmağa, Ermənistanın işğalçı rejiminə münasibətdə siyasəti sərtləşdirməklə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin tələblərinə qeyd-şərtsiz, bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməsi üçün daha çox təzyiq göstərməyə çağırıram”, - deyə M.Əfəndiyev vurğulayıb.