Ermənistanın təcavüzkar siyasəti barədə həqiqətlər Bolqarıstan ictimaiyyətinə çatdırılıb
Sofiya, 7 aprel, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca törətdiyi son təxribatlarla bağlı Bolqarıstan Teleqraf Agentliyinə videomüsahibə verib. Səfir aprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin ağır silahlardan intensiv atəşə məruz qaldığını, Azərbaycan tərəfindən həyata keçirilən cavab tədbirlərinin mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və bu ölkənin təcavüzkar fəaliyyətinin qarşısının alınmasına yönəldiyini diqqətə çatdırıb.
Nərgiz Qurbanova Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində gedən danışıqlar prosesinin dinamikasında irəliləyiş müşahidə olunan zaman Ermənistan tərəfindən bu cür təxribatların törədilməsi ənənəsinə diqqət çəkib. Səfir qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistandan təxribatçı fəaliyyətlərə son qoymağı, danışıqları bərpa etməyə və münaqişənin beynəlxalq hüququn fundamental norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dayanıqlı həllinə nail olmağı tələb etməlidir.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə istinad edən N.Qurbanova sözügedən qətnamələrin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini vurğulayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya