ERMƏNİSTANIN TƏCAVÜZÜ NƏTİCƏSİNDƏ AZƏRBAYCAN TƏBİƏTİNƏ VURULMUŞ ZİYAN BARƏDƏ MƏLUMATLAR AÇIQLANMIŞDIR
1989-cu - 1991-ci illərdə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan təbiətinə 316 milyon 834 min 454 rubl dəyərində ziyan vurulmuşdur. Bu məlumat Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin ətraf mühitinə və təbii ehtiyatlarına dağıdıcı təsirlərin nəticələrinin səviyyəsini müəyyənləşdirmək üzrə operativ mərkəzin hesabatında əks olunmuşdur. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə bildirmişdir ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilkin dövrünün məlumatları əsasında hazırlanmış birinci hesabatdır. İkinci hesabat müxtəlif beynəlxalq təşkilatlara təqdim olunmaq üçün rus və ingilis dillərində nəşr ediləcəkdir.
Hesabatda Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş bütün yaşayış məntəqələri haqqında, nadir heyvanların və quşların, o cümlədən Qırmızı kitaba salınmış heyvanat aləmi növlərinin sayı göstərilməklə qoruqlar və yasaqlıqlar barədə məlumatlar dərc olunmuşdur.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın həm faunasına, həm də florasına çox böyük ziyan vurulmuşdur. Məsələn, Zəngilan rayonunda, Bəsitçay qoruğu ərazisindəki dünyada ikinci olan təbii şərq çinarı meşəsi ermənilər tərəfindən tamamilə qırılmışdır. Burada bəzi ağacların yaşı 1200-1500 ilə, gövdəsinin eni isə 4 metrə çatırdı.
Azərbaycan ekoloqlarında Şuşa, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərində tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, habelə işğal olunmuş Azərbaycan ərazilərində, o cümlədən Ağdam rayonunda Ermənistan AES-in radioaktiv tullantılarının basdırılması barədə məlumatlar var.