Ersin Tatar: Kipr türklərinin azadlıq və bərabərlik uğrunda mübarizəsi diqqətdən kənarda qala bilməz
Ankara, 18 iyul, AZƏRTAC
Kiprin türk xalqının azadlıq və bərabərlik uğrunda mübarizəsi diqqətdən kənarda qala bilməz.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Nyu-Yorkda Kipr üzrə “5+1” formatında (Türkiyə, Böyük Britaniya, Yunanıstan, ŞKTC, Yunan Kipri və BMT) qeyri-rəsmi görüşün yekunlarına dair brifinqdə deyib.
Onun sözlərinə görə, Lefkosa Şimali Kipr xalqının maraqları baxımından danışıqlar prosesinə konstruktiv töhfə verməyə hazırdır.
ŞKTC Prezidenti adanın yunan icmasının Lefkosaya, o cümlədən mülkiyyət hüququ kontekstində təzyiq göstərmək cəhdlərinə diqqət çəkib. O qeyd edib: “Adanın cənubuna səfər edən Kipr türkləri həbs təhlükəsi ilə qarşılaşır. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına baxmayaraq, bu cür qəbuledilməz addımlar davam edir. Nəticədə yunan əhalinin mövqeyi adadakı etimad mühitinə xələl gətirir”.
Siyasətçi Cənubi Kipr hakimiyyətinin ŞKTC ilə sərhəddə dörd yeni keçid məntəqəsi açmaqdan imtina etməsinə də diqqət çəkib. “Biz nəzarət-buraxılış məntəqələrindən bərabər istifadə modelinin tərəfdarıyıq. Təəssüf ki, bu məsələdə irəliləyiş əldə olunmayıb”, -deyə ŞKTC Prezidenti bildirib.
Eyni zamanda, siyasətçi Kiprlə bağlı danışıqların rəsmən bərpası məsələsində Lefkosanın mövqeyini təkrarlayıb. O, Şimali Kiprin təcrid siyasətini tənqid edərək vurğulayıb: “Danışıqlar yalnız ŞKTC-nin bərabərhüquqlu və suveren tərəf kimi beynəlxalq statusunun tanınması ilə yenidən başlayacaq. Bu, Kiprini türk xalqının ən təbii haqqıdır”.
Ersin Tatar deyib: “Şimali Kiprin beynəlxalq miqyasda təcrid edilməsi qərarının qəbul edildiyi vaxt doğulan uşağın bu il 51 yaşı tamam oldu. Biz embarqolara və qadağalara qarşı çıxmağa davam edirik. Aydındır ki, belə bir siyasət bizi nizamlanmaya yaxınlaşdırmır”.
Şimali Kiprin lideri BMT Baş Assambleyasının sessiyası çərçivəsində danışıqlar aparmaq üçün sentyabrda yenidən ABŞ-a səfər etməyi planlaşdırdığını bildirib. “Məqsədimiz adanın hər iki xalqının rifahı üçün konkret addımlar atmaqdır”, - deyə o bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara