ƏRZAQ MƏHSULLARININ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETMƏK ÜÇÜN
İqtisadi İnkişaf Nazirliyinin İstehlak mallarının ekspertizası mərkəzində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı”nın tələblərinə uyğun olaraq, istehlakçıların hüquqlarının müdafiəsini, ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Mərkəzdə müasir avadanlıq və cihazlarla təchiz edilmiş arbitraj laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada milli və dövlətlərarası standartların tələblərinə uyğun olaraq ərzaq və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin orqanoleptik, fiziki-kimyəvi, toksikoloji və mikrobioloji analizi aparılır, keyfiyyəti barədə rəy verilir.
2002-ci ilin ötən dövrü ərzində ərzaq məhsullarının keyfiyyət göstəricilərinin təyini məqsədi ilə 124 laboratoriya analizi aparılmışdır. Belə ki, taxıl və taxıl məhsullarının, düyü yarmasının, “Maryam Broken” və “Final Best Blend” çaylarının, “Final” günəbaxan və palma yağlarının, tomat pastasının, balın, müxtəlif çeşidlərdə mineral və təbii su və şirələrin, alkoqolsuz və zəif alkoqollu içkilərin təqdim olunmuş nümunələri üzrə analizlər aparılmış və nəticələri barədə sınaq protokolları tərtib edilmişdir.
Pərakəndə satışdan götürülmüş “Maryam Broken” və “Final Best Blend” çayları nümunələrinin nəmlik göstəricisi 1938-90 saylı DÖST-ün tələblərinə cavab verməmiş, qablaşdırılmasına, markalanmasına və orqanoleptik göstəricilərinə görə orijinala uyğun gəlməmişdir. Lənkəran konserv zavodunun (etiketə əsasən) istehsal etdiyi tomat pastası “quru maddələr” göstəricisinə görə normativ sənədin tələblərinə cavab verməmişdir.
Tədqiqatlar göstərir ki, hələ də keyfiyyətsiz və insan sağlamlığı üçün zərərli olan məhsulların daxili bazara yol tapması halları mövcuddur.
Keçirilmiş monitorinq zamanı “Kapital-N” firmasının “Qax-3” təbii mineral süfrə suyunun, “Günəş” firmasına məxsus “İlisu” qazlı suyunun, “Şərq şirniyyatı” firmasının “Ərik” içkisinin, habelə istehsalçısı məlum olmayan “Vaxtanq” və “Portağal” limonadlarının, “Tərxun” içkisinin ticarət şəbəkəsindən götürülmüş və analiz olunmuş nümunələrinin fiziki-kimyəvi, orqanoleptik göstəriciləri standartlara uyğun gəlməmiş, fiziki şəxs Kalimulova məxsus “Seyidsaf” mineral suyunda, “İldırım” kiçik müəssisəsinin “Şollar” suyunda, “Aləm” firmasına məxsus “Düşes” limonadında insan orqanizmi üçün zərərli preparatlar aşkar olunmuşdur.
Götürülmüş nümunələrin əksəriyyətinin qablaşdırılması və etiketləşdirilməsində ciddi nöqsanlar müəyyən edilmiş, bəzi məhsulların etiketlərinin üzərində istehsal tarixi, saxlanma müddəti, normativ sənədin nömrəsi, istehsalçının adı və ünvanı və s. göstərilməmişdir.
Hazırda nazirliyin müvafiq qurumları qeyd olunan halların aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirir.
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti