SİYASƏT
Eshaq Cahangiri: İran-Azərbaycan əlaqələrinin inkişafına heç kim maneə yarada bilməz
Tehran, 14 avqust, AZƏRTAC
İran-Azərbaycan əlaqələrinin inkişafına heç kim maneə yarada bilməz.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri mətbuata verdiyi açıqlamasında deyib.
O bildirib ki, İran və Azərbaycan xalqları ortaq tarixə, milli-mənəvi dəyərlərə malikdirlər. Bizim eyni dini etiqadımız, bənzər və yaxın mədəniyyətimiz var. Bu amillər iki yaxın dost, qonşu və qardaş dövlətlərin əlaqələrinin genişlənməsinə stimul verir.
Eshaq Cahangiri bildirib ki, hazırda ölkələrimiz iqtisadi sahədə faydalı əməkdaşlıq əlaqələrini davam etdirirlər. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq bütün region dövlətləri üçün əhəmiyyətlidir. Asiyadan Avropaya dəmir yolu ilə daşınan yüklərin tranzit olaraq İran və Azərbaycandan keçməsi qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq.
O diqqətə çatdırıb ki, Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Hazırda Rəşt-Astara hissəsinin tikintisi davam edir. Bu yolun tikintisində Azərbaycan da iştirak edir. Hazırda hər iki dövlət bir neçə birgə iqtisadi layihələr həyata keçirirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran