Əskişəhərdə Zəngəzur dəhlizi ilə bağlı tədbir təşkil olunub
İstanbul, 23 dekabr, AZƏRTAC
Türkiyənin Əskişəhər vilayətində “Zəngəzur dəhlizinə aid xəbərlər beynəlxalq mediada: Yumşaq güc” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Əskişəhər Azərbaycanlıları Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə İkinci Qarabağ müharibəsindən sonra gündəmdə tutulan və qlobal siyasətin diqqət mərkəzində olan Zəngəzur dəhlizi ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Türkiyənin Anadolu Universitetinin jurnalistika fakültəsində doktorantura təhsili alan Gülgün Abbasbəyli Zəngəzur dəhlizini beynəlxalq mətbuatda media-siyasət əlaqəsi üzərindən tənqidi diskurs təhlili metodu və “Yumşaq güc” anlayışı kontekstində təqdim edib, bölgə ölkələrinin bu məsələyə yanaşması haqqında danışıb.
Natiq bu mövzu ilə bağlı bəzi yan dövlətlərin hədəf kütləni manipulyasiya etməyə çalışdığını vurğulayıb, Zəngəzur dəhlizinin açılmasının Türk dünyasının mövqeyini, eləcə də həm yaşadığımız, həm də gələcək əsrin gedişatını müəyyənləşdirmək potensialına malik olduğunu qeyd edib.
Bildirilib ki, baş verən müharibələrin və iqtisadi böhranların təsiri ilə dəyişən dünyada ticarət yollarının, dəhlizlərinin təhlükəsizliyi məsələsinin kritik hal aldığı məqamda Zəngəzur dəhlizi əsas gündəm məsələlərindən birinə çevrilib.
Sonra iştirakçıların mövzu ətrafında sualları cavablandırılıb.
Əskişəhər Azərbaycanlıları Dərnəyi tərəfindən Gülgün Abbasbəyliyə təşəkkürnamə təqdim edilib.