İDMAN
ƏSL KİŞİLƏR ÜÇÜN İDMAN
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, noyabrın 27-30-da Kiyev şəhərinin idman sarayında universal döyüş və hədəfə bıçaqatma idman növləri üzrə IV Dünya çempionatı keçirilmişdir. UNİFİGHT birinciliyində dünyanın 25 ölkəsindən, o cümlədən Azərbaycandan idmançılar iştirak edirdilər. Çempionatda ölkəmizi Universal Döyüş Federasiyasının prezidenti, məşqçi Azər Həsənov və Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik Natiq Əliyevin başçılıq etdikləri 7 idmançıdan ibarət komanda təmsil edirdi: Mehdi Mehdiyev (60 kq), Kənan Mehdiyev (70 kq), Nicat Tağıyev (75 kq), Samir İlyaslı (80 kq), Ramil Bayramov (85 kq), Zaur İslamov (90 kq) və Elsevər Bağırov (95 kq). İdmançılar maneələr zolağını dəf etməli, hədəfə bıçaq atmalı, səma döyüş silahından hədəfi vurmalı, rinqdə boks, kikboksinq, karate, sambo və digər döyüş növlərində öz məharətlərini sınamalıydılar.
Komandamızın üzvləri yaxşı hazırlıq və yüksək ustalıq nümayiş etdirdilər. Finalda Kənan Mehdiyev üçqat dünya çempionu, rusiyalı Nikolay Oçkinə məğlub olaraq, gümüş medal qazandı. Samir İlyaslı da həlledici döyüşdə İqor Rudevə (Rusiya) uduzaraq, gümüş medala layiq görüldü. Zaur İslamov isə bürünc medala sahib oldu. Təəssüf ki, hakimlərin qərəzkarlığı üzündən Elsevər Bağırov qızıl medal ala bilmədi.
Çempionatda ən yaxşı nəticəni ukraynalılar və rusiyalılar göstərdilər.
X X X
UNİBOY-un Kiyevdə keçirilən Beynəlxalq konqresində Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilmişdir.